CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gələcəyə aparan qatarın ilk səfərindən reportaj

“Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bu sürət qatarını Gəncəyə yox, gələcəyə yol açan bir qatar kimi səciyyələndirib
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 29 dekabr – Sputnik. Bu gün Bakı-Gəncə sürət qatarı ilk səfərini həyata keçirib. Bakı-Gəncə sürət qatarının ilk sərnişinləri tanınmış insanlar olub. Onların arasında Sputnik Azərbaycan-ın müxbiri də olub. Onun səfər reportajını təqdim edirik:

“Dekabrın 29-da saat 09:00-da Bakı-Gəncə sürət qatarı ilk dəfə hərəkətə başladı. Sputnik Azərbaycan xəbər verir ki,  "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov qatar yola düşməzdən əvvəl sərnişinlərə, bu qatarda fəaliyyət göstərəcək əməkdaşlara uğurlar arzuladı. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə onları təbrik edən QSC sədri işğal altında olan torpaqlarımızın azad ediləcəyini və yeni qatarlarla Qarabağa səfərlər edəcəyimizə inandığını vurğuladı. 

Gələcəyə aparan qatarın ilk səfərindən reportaj

Qeyd edək ki, Bakı-Gəncə sürət qatarının ilk sərnişinləri jurnalistlər, KİV rəhbərləri, millət vəkilləri və sənət adamları idi.

Qatar gözlənildiyi 4 saat 28 dəqiqə müddətdən tez bir zamanda, 3 saat 46 dəqiqəyə mənzil başına çatdı.

ADY QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın sözlərinə görə, qatarın mənzil başına çatma müddəti 3 saat müəyəyn edilib. Ancaq bu həddə çatmaq üçün görüləcək müvafiq işlər var: “Dəmiryol relslərinin ətraflarına xüsusi səddlər çəkiləcək ki, yola heyvan çıxmasın. Bundan sonra sürət qatarı tam sürəti ilə hərəkət edəcək”.

Gəncədə isə qatarla gələnləri izdiham gözləyirdi.

Gələcəyə aparan qatarın ilk səfərindən reportaj

Gəncənin icra başçısı Niyazi Bayramov və bir sıra məmurlar bizi vağzalda qarşıladı. Vağzal ətrafında təntənəli bayram əhval-ruhiyyəsi vardı. 

Mərasimdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirdi ki, bu, yalnız Gəncə şəhərinin deyil, bütövlükdə ölkəmizin həyatında əlamətdar hadisədir: "Bu sürət qatarının istifadəyə verilməsi Prezident İlham Əliyevin Gəncəyə olan diqqətinin növbəti bariz nümunəsidir. Gəncə Qafqazın ən gözəl şəhərlərindən biridir. Dünyanın ən yüksək standartlarına cavab verən beynəlxalq hava limanı, yeni yollar, təhsil ocaqları Gəncədəki inkişafın göstəricisidir. Bu gün isə onların sırasına biri də əlavə olundu. Biz çox sevinirik ki, belə sürət qatarı məhz Gəncə istiqamətində istifadəyə verilib", - deyə N.Bayramov vurğuladı.

Gələcəyə aparan qatarın ilk səfərindən reportaj

“Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bu sürət qatarını Gəncəyə yox, gələcəyə yol açan bir qatar kimi səciyyələndirdi: "İnkişafa, uğura gedən bu qatarın açılışı Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsində reallaşıb. Azərbaycan dəmir yolları daha da inkişaf edəcək, ilk olaraq Gəncəyə gedən sürət qatarı gələcəkdə Ankaraya qədər uzanacaq".

Daha sonra Milli Məclisin deputatı Musa Quliyev bu uğurlu layihənin reallaşdırılmasının əhəmiyyətindən danışıb, xalqımızın iqtisadi sahədə daha böyük uğurlar əldə edəcəyinə inandığını söylədi.

Tədbirdə, həmçinin Gəncə hadisələrində şəhid olmuş polis polkovniki İlqar Balakişiyevin oğlu İlham Balakişiyev çıxış etdi. “Azərbaycan Dəmir Yolları" QSC-nin əməkdaşı olan İ.Balakişiyev bugünkü hadisənin nəqliyyat tarixində böyük əhəmiyyətə malik olduğunu bildirdi.

Daha sonra tədbir konsert proqramı ilə davam etdi.

Qeyd edək ki, Bakı-Gəncə-Bakı sürət qatarı ayın cüt günlərində Bakıdan, tək günlərində isə Gəncə şəhərindən saat 09:00-da yola düşəcək. Qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. Dörd vaqondan ibarət qatarda birinci klass (9 yer), biznes (62 yer) və standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yeri var. Gediş biletləri dəmir yolu kassalarında və onlayn satılır. Biletlərin qiymətləri müvafiq olaraq 15, 50 və 100 manatdır”.