Nigar Məhərrəm, Sputnik Azərbaycan
BAKI, 24 dekabr — Sputnik. "Çernobıl hadisələri baş verəndə 40 yaşım olardı. Bizi vaqonlara mindirib Çernobıla apardılar. Bu hadisə baş verdi". Bunu Sputnik Azərbaycan-a açıqlamasında Çernobıl əlili Kamil Mehdiyev deyib.
1948-ci il təvəllüdlü həmsöhbətimiz evsizlikdən şikayətçidir: "Əvvəllər evim vardı. Şəkər xəstəsi olduğum üçün ayağımı kəsdilər. Sonra da gözdən əməliyyat olundum. Bu əməliyyatlar üçün pul lazım olduğuna görə evi satmalı olduq. İndi isə kirayələrdəyik".
K.Mehdiyev durumu ilə əlaqədar olaraq ölkə rəhbərliyinə müraciət etdiyini deyib: "Məktub yazmışdım. Məktubum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yönləndirildi. Onlar isə məktuba baxmadılar. Heç kimə şikayət etməsəm də, kömək gözləyirəm".
Yüksək şəkər və təzyiqdən əziyyət çəkən K.Mehdiyev himayəsində olan övladının da xəstə olduğunu bildirib: "Şəkərim 200-dən aşağı düşmür. Təzyiqim də yüksək olur. Yoldaşım, oğlum xəstədir. Övladım epilepsiya xəstəsidir. Olan-qalan pulumuzu da iynə-dərmanlara tökürük".
"Çernobil Əlillərinə Yardım Cəmiyyətinə müraciət etməmişəm. Heç sədrin nömrəsini də bilmirəm. Yalnız qeydiyyatda olduğum Səbail rayonunun sədri ilə danışıram. O da deyir ki, biz bu haqda hələ ki, heç nə bilmirik" – deyə, Çernobıl əlili əlavə edib.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrəndik. Azərbaycan Çernobıl Əliləri Cəmiyyətinin sədri Mirhəsən Həsənov bildirib ki, Kamil Mehdiyev Əli 2013-cü ilin 21 iyunundan etibarən mənzil növbəsinə dayanıb: “Lakin ondan öncə, 1992-1993-cü illərdə növbədə dayanan Çernobıl əlillərinin mənzillə təminatı hələ də həyata keçirilməyib. Bu ciddi problemə görə biz vitse-prezident Mehriban Əliyeva və aidiyyəti təşkilatlara müraciət etmişik".
M.Həsənovun sözlərinə görə, öncə müraciət edən əlillərin mənzillə təminatı reallaşmasa, K.Mehdiyev də ev ala bilməyəcək.
"Vətəndaş mənzilini satıbsa, bu zaman həmin şəxsin növbəyə dayanması üçün 5 il lazım olur. Bu səbəbdən də Kamil Mehdiyev 2013-cü ildə mənzil növbəsinə dayanıb. O da növbəsinə uyğun olaraq mənzillə təmin olunacaq" – deyə, cəmiyyət sədri əlavə edib.
M.Həsənov K.Mehdiyevin məhz 2013-cü ildə mənzil növbəsinə dayanmasının müəyyən suallar yaratdığını da vurğulayıb: “Əməliyyatı ilə əlaqədar şəxsin mənzilini satıb, ailəsini çöldə qoyması kimi hadisələr nadir hallarda baş verir. Lakin vətəndaşın dediklərini də şübhə altına almıram. Sadəcə onu deyə bilərəm ki, biz bu məlumatları sənəd üzərində qeyd edə bilmirik".