İQTİSADİYYAT

Yaxın 3 ildə ölkədə nağd pul dövriyyəsi əhəmiyyətli dərəcədə azalacaq

Mərkəzi Bankın pul siyasəti alətlərinin yeni konfiqurasiyası da pul bazarının aktivləşməsini dəstəkləyəcək
Sputnik

BAKI, 28 dekabr - Sputnik. “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2018-ci il tarixli Fərmanına uyğun olaraq Mərkəzi Bank inflyasiyanın effektli idarə edilməsi məqsədilə pul siyasəti rejiminin təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Mərkəzi Bankın rəsmi saytında qeyd olunub.

Mərkəzi Bank 2019-cu il üçün pul siyasətinin əsas istiqamətlərini açıqlayıb

Ortamüddətli dövrdə aşağı, stabil və proqnozlaşdırıla bilən inflyasiya səviyyəsinin təmin edilməsi və dəstəklənməsi ölkə iqtisadiyyatının dayanıqlı artımı üçün əsas amillərdəndir. Qiymət sabitliyi iqtisadiyyatda resursların daha səmərəli bölgüsünü və iqtisadi artımın daha dayanıqlı templərlə baş verməsini dəstəkləyir. 

Bir çox inkişaf etmiş ölkələr və inkişaf etməkdə olan ölkələrin təcrübəsi göstərir ki, inflyasiyanın hədəflənməsi rejimi qiymət sabitliyinin qorunması, inflyasiyanın aşağı və sabit səviyyədə saxlanılması üçün ən optimal rejimdir.

Bunu nəzərə alaraq Mərkəzi Bank uzunmüddətli dövrə inflyasiyanın hədəflənməsi rejimini Azərbaycan üçün optimal pul siyasəti rejimi olaraq görür. Rejimə keçid şərtlərinin reallaşdırılması istiqamətində işlər davam etdiriləcək. İnflyasiyanın hədəflənməsi rejimində inflyasiya və inflyasiya gözləntiləri, əsasən faiz dərəcələri vasitəsilə idarə olunur. Bu rejimdə pul siyasətinin iqtisadiyyata transmissiyanın birinci həlqəsində Mərkəzi Bankın siyasət faiz dərəcəsi banklararası bazarda qısamüddətli faizlərə təsir edir.

Transmissiyanın ikinci həlqəsində isə qısamüddətli faizlər pulun uzunmüddətli dəyərinə təsir göstərməklə məcmu tələbi və bu əsasda inflyasiyanı dəyişdirir.

İnflyasiyanın hədəflənməsi rejiminin effektiv tətbiqi üçün zəruri şərtlərin mövcud durumu Azərbaycanda inflyasiyanın hədəflənməsi rejiminə mərhələli keçidi labüd edir. Yeni rejimə mərhələli keçid çərçivəsində pul siyasətinin alternativ lövbərinin formalaşdırılması istiqamətində səylər gücləndiriləcək. Qabaqcıl təcrübəyə əsasən, optimal alternativ lövbər rolunu banklararası bazarda qısamüddətli faizlər oynaya bilər. Bunun üçün pul bazarının aktivləşməsi, o cümlədən qiymətli kağızlar bazarının dərinləşdirilməsi və banklararası pul bazarının inkişafına xidmət edən infrastruktur elementlərinin inkişafı istiqamətində işlər aidiyyəti orqanlarla birlikdə davam etdiriləcək.

Manatla bağlı gözlənilən qərarların tarixləri bəlli oldu

Mərkəzi Bankın pul siyasəti alətlərinin yeni konfiqurasiyası da pul bazarının aktivləşməsini dəstəkləyəcək. 

Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi yaxın 3 ildə ölkədə nağd pul dövriyyəsini əhəmiyyətli azaltmalıdır. Bu da monetar nəzarətin gücləndirilməsi, habelə iqtisadiyyatın monetizasiya səviyyəsinin yüksəldilməsi ilə inflyasiyanın effektiv idarə edilməsinə müsbət təsir göstərəcək.

Ortamüddətli dövrdə makroiqtisadi siyasətin hər hansı istiqamətinin dominantlığına yol verilməməsi və fiskal qaydaların kont-tsiklik tətbiqi potensialının inkişafı, bank sektorunun sağlamlaşdırılması və maliyyə vasitəçiliyinin gücləndirilməsi tədbirləri, habelə həyata keçirilməkdə olan struktur-institusional islahatlar da yeni pul siyasəti rejiminə keçidi sürətləndirəcək.

İqtisadi subyektlər tərəfindən adekvat gözləntilərin formalaşmasını təmin etmək məqsədilə pul siyasətinin kommunikasiyasının effektivliyinin daha da artırılması, Mərkəzi Bankın təhlil və proqnozlaşdırma sisteminin təkmilləşdirilməsi istqamətində tədbirlər də davam etdiriləcək.

Beləliklə, 2019-cu il və ortamüddətli dövrdə də makroiqtisadi sabitliyin qorunması, xüsusən də davamlı qiymət sabitliyinə nail olunması dayanıqlı iqtisadi artım üçün baza şərti olacaq. Mərkəzi Bank özünün pul siyasəti ilə əldə olunmuş makroiqtisadi və maliyyə sabitliyinin dayanıqlığının təmin edilməsinə bundan sonra da zəruri dəstək verəcək. Həyata keçiriləcək pul siyasətinin uğuru əhəmiyyətli səviyyədə iqtisadi siyasətin bütün istiqamətlərinin effektiv koordinasiyasından asılı olacaq.