BAKI, 28 dekabr — Sputnik. Qarşıdan qış tətili günləri gəlir. Azərbaycan vətəndaşlarının əksəriyyəti dekabrın 29-dan yanvarın 3-dək istirahət edəcəklər. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı əslində istirahəti ölkə xaricində, eləcə də respublikanın dilbər guşələrində keçirmək üçün yaxşı fürsətdir.
Sputnik Azərbaycan öz oxucularının yeni ili harada qarşılamağı planlaşdırdığı ilə maraqlanaraq onların arasında on-line sorğu keçirib. Oxuculara "Qış tətilini harada keçirəcəksiniz?" sualı ilə müraciət edib və bu cavab variantlarını təklif edib: Rusiyada, Türkiyədə, Gürcüstanda, Avropada, Azərbaycanın bölgələrində, pulum yoxdur, evdə.
Sorğunun nəticələri kədərli mənzərəni üzə çıxarıb. Rəyi soruşulanların 74%-i suala "Pulum yoxdur, evdə" cavabını veriblər. Sorğu iştirakçıları arasında ikinci yeri tətili Azərbaycanın bölgələrində keçirəcəyini deyənlər (9,2%) tutub. Maraqlıdır ki, bayram tətilini xaricdə keçirmək istəyənlər arasında Rusiyaya üz tutmaq niyyətində olanlar çoxluq - 6,2% təşkil edib. Azərbaycanlıların qış tətilini keçirməyi planlaşdırdığı ölkələrdən biri də qardaş Türkiyədir. Respondentlərin 5,2%-i bayramı Türkiyədə qeyd etməyə üstünlük verib.
Ölkənin turizm şirkətləri azərbaycanlıların bayram günlərində ən çox qonşu Gürcüstanı ziyarət etməyə üstünlük verdiyini bildirsə də, Sputnik Azərbaycan-ın oxucuları arasında qış tətilini bu ölkədə keçirmək istəyənlərin sayı azdır. Rəyi soruşulanların sadəcə 3,1%-i Yeni İli Gürcüstanda qarşılamağa üstünlük verib.
Bayram tətilində Avropaya gedəcək respondentlər azlıq təşkil edir. Sorğuda iştirak edənlərin sadəcə 2.1%-i bayramı Avropa ölkələrində keçirəcək.