HADİSƏ

Rafet Əlibayramlinski klanının üzvü Moskvadan etap edilib

Məşhur azərbaycanlı kriminal avtoritetin qardaşının cinayət ortağı, beynəlxalq axtarışa verilmiş şəxs Moskvadan Şirvana etap edilib
Sputnik

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 28 dekabr — Sputnik. Məşhur azərbaycanlı kriminal avtoritetin qardaşının cinayət ortağı, beynəlxalq axtarışa verilmiş şəxs Moskvadan Şirvana etap edilib. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Şirvan şəhərinin 23 yaşlı sakini Əli Hüseynli 39 yaşlı "qanuni oğru", cinayətkar aləmdə Rafet Əlibayramlinski ləqəbi ilə məşhur olan Əmirov Rafet Əlirza oğlunun qardaşı Rüfət Əmirovun rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstənin üzvü olub. Qeyd edək ki, azərbaycanlı mafiya başçısı Nadir Səlifova (Lotu Quli) yaxınlığı ilə tanınan Rafet Əlibayramlinski hazırda Türkiyədə yaşayır.

Azərbaycanlı "qanuni oğru" azadlığa çıxdı

Şirvana etap edilən Əli Hüseynli 2017-ci ildən etibarən cinayət əməllərinə görə axtarışda olub. O, AR Cinayət Məcəlləsinin 144.2. (adam oğurluğu), 144.2.5 (... odlu silahdan istifadə etməklə), 144.2.6 (...sifarişlə törədilmiş), 221.3-cü (odlu silahdan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham edilib. Hazırda Hüseynli Bakıdakı İstintaq Təcridxanasındadır.

Cinayət işinin materiallarına görə, 6 nəfərlik cinayətkar qrup 2017-ci ildə Binəqədi rayonunda Elşən Günəşovu oğurlayıblar. Cinayətkarlar Günəşovu döyərək avtomobilin baqajına basıblar. Günəşov oradan qaçaraq polisə şikayət etməyə müvəffəq olub. İşin araşdırılması ilə AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları məşğul olub. Cinayətkar qruplaşmanın üzvləri Şirvan sakinləri olduğundan, onların axtarışını elan etmək Şirvan şəhər Polis İdarəsinə həvalə edilib.

Qruplaşmanın bütün üzvləri - Rüfət Əmirov (Rafet Əlibayramlinskinin qardaşı), Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov və İsmayıl İbrahimov 2017-ci ilin iyulunda, demək olar ki, hadisədən dərhal sonra saxlanılıblar. Bu ilin sentyabrında Bakı Ağır Cinayətlər Məhkəməsi onları müxtəlif müddətlərə azadlıqdan məhrum edib.

Rüfət Əhmədov saxlanılarkən ondan Makarov markalı tapança və patronlar götürülüb. Əmirov etiraf edib ki, tapançanı Rusiyada əldə edib və onu qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirib.

Qeyd edək ki, Rafet Əlibayramlinski Rusiya hüquq-mühafizə orqanlarının qara siyahısına daxil edilib. Ona görə də, bu qanuni oğrunun Rusiya Federasiyası ərazisinə daxil olması qadağandır.