“Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkəmizdə sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, yeni dəstək mexanizmləri tətbiq olunur”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Trend-ə açıqlamasında İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.
“Sahibkarların qaz və su təchizatı, tullantı suların axıdılması sistemlərinə qoşulması üçün texniki şərtlərin və layihə sənədlərinin hazırlanması və verilməsi, bu məqsədlə müraciətlərin qəbulu “vahid məkan” prinsipi əsasında “KOB evləri”ndə və “ASAN Kommunal” və ya “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək ki, bu, vaxt itkisinin qarşısını almaqla, sahibkarların işini asanlaşdıracaqdır. Qərara əsasən, sahibkarlıq subyektlərinin əvvəlki bölgü meyarları dəyişdirilərək, “kiçik”, “orta” və “iri” sahibkarlıq qrupları ilə yanaşı, “mikro” sahibkarlıq qrupu da müəyyənləşdirilib. Bu, mikro sahibkarların ayrıca qrup olaraq qeydiyyata alınmasında və bununla da sahibkarlığın əhatə dairəsinin genişləndirilməsində əhəmiyyətli rol oynayacaqdır. Yeni qərar ölkədə sahibkarlığın inkişafına yönələn dövlət dəstəyi tədbirlərinin daha effektiv tətbiqinə, ünvanlılığın yüksəlməsinə, dövlət dəstəyi tədbirlərinin əhatə dairəsinin daha da genişlənməsinə yeni imkanlar yaradacaq”.
Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan prezidenti İlham Əliyev mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında fərman imzalayıb.
Orxan Məmmədovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz