Türkiyə nəhənglərin bazarına girdi – İlk milli aviabomba sınaqdan keçirilib

HABRAS sınaq bazası Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə oktyabr ayının sonlarında Konya vilayətinin Karapınar rayonunda açılıb
Sputnik

BAKI, 27 dekabr — Sputnik. Türkiyədə yerli istehsal olan "MK-84" adlı ilk aviabombanın sınaqları uğurla həyata keçirilib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Sənaye və Texnologiya Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, "MK-84" aviabombasının sınaqları HABRAS bazasında keçirilib. Sınaqları Türkiyənin sənaye və texnologiyalar naziri Mustafa Varank izləyib. Bir ton çəkisi olan aviabombanın sürəti səs sürətini 1,5 dəfə keçib. Bomba polad armaturla gücləndirilən və qalınlığı bir metr olan beton hədəfi yarıb.

Sınaqları "Twitter"-də şərh edən Varank onları tarixi adlandırıb və bunu Türkiyə müdafiə sənayesinin daha bir uğuru kimi dəyərləndirib.

HABRAS sınaq bazası Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə oktyabr ayının sonlarında Konya vilayətinin Karapınar rayonunda açılıb. Bazada hazırlanma mərhələsində olan Türkiyə istehsalı olan silahların sınağı həyata keçirilir.