İQTİSADİYYAT

Azərbaycanla Belarus arasında mühüm anlaşma: Birgə dərman istehsal edəcəyik

Azərbaycanda istehsal olunan dərmanların üçüncü ölkələrə də ixracı həyata keçirilə bilər
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 27 dekabr — Sputnik. "Birgə səylər vasitəsilə biz 2018-ci ildə, demək olar ki, Belarus və Azərbaycan arasında bütün sahələr üzrə əməkdaşlığın inkişafına nail olmuşuq". Sputnik Azərbaycan xəbər verir ki, bunu Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç 2018-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

Professor: “Azərbaycan Belarusla əməkdaşlığını daha da dərinləşdirməlidir”

"Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasından 25 il ötür. Qeyd etmək istəyirəm ki, bu il Azərbaycan Prezidenti Belarusa səfər edib və Aleksandr Lukaşenko ilə görüşlər keçirib. Səfər olduqca zəngin və səmərəli keçib" - deyə səfir bildirib.

Onun sözlərinə görə, bu səfər zamanı 10-a yaxın sənəd imzalanıb ki, bu da ölkələr arasında qarşılıqlı əlaqələrin istiqamətini müəyyənləşdirir: "Azərbaycan və Belarus 2018-ci ildə beynəlxalq arenada bir-birini aktiv şəkildə dəstəkləyib. Azərbaycanın dost dəstəyi və anlayışı Belarus üçün olduqca önəmlidir və biz buna görə Azərbaycan tərəfinə minnətdarıq".

Axramoviç qeyd edib ki, Azərbaycan ilə Belarus arasında bu il ərzində ticarət dövriyyəsinin həcmi 400 milyon dollar olub: "Bu ilin aprel ayında Gəncə Avtomobil Zavodunda 10-cu traktor istehsal olunub. Artıq bu müəssisə tərəfindən istehsal olunan traktorların üçüncü ölkələrə satışı həyata keçirilir. Bundan əlavə, qeyd etmək istəyirəm ki, Gəncə Avtomobil Zavodunun Türkiyədə müəssisəsinin açılması planlaşdırılır".

"Belarusun investisiyaları hesabına Azərbaycanda farmokologiya məhsulları istehsal edən müəssisə açılması da planlaşdırılır. Burada ən son texnologiya və standartlara uyğun dərman preparatları istehsal olunacaq. Bu istehsalat müəssisəsində, xüsusilə onkoloji dərmanların hazırlanmasına diqqət ayrılacaq. Gələcəkdə Azərbaycanda istehsal olunan dərmanların üçüncü ölkələrə də ixracı həyata keçirilə bilər ki, bu da qeyri-neft sektorunun inkişafına öz töhfəsinin verəcək" - deyə diplomat vurğulayıb.

Səfir 2018-ci ilin Belarus ilə Azərbaycan arasında turizm əlaqlərinin inkişafı baxımından da uğurlu il olduğunu bildirib: "Böyük məmnuniyyətlə vurğulmaq istəyərdim ki, Azərbaycan vətəndaşları turizm məqsədi ilə Belarusa səfər edən xarici ölkə vətəndaşları arasında ilk beşlikdə qərarlaşıb".