BAKI, 26 dekabr — Sputnik. Ermənistanın Xüsusi İstintaq Komitəsinin (XİK) əməkdaşları rusiyalı həmkarlarından məlumat alıblar ki, Ermənistanın sabiq müdafiə naziri Mikael Arutunyan Rusiya Federasiyasının vətəndaşıdır. Bunu Sputnik Ermənistana açıqlamasında XİK-in mətbuat katibi Marina Oqancanyan bildirib.
Onun sözlərinə görə, qurum Arutunyanın nə vaxt Rusiya vətəndaşlığı almasını müəyyənləşdirmək üçün müvafiq sorğu göndərib.
Bu ilin sentyabrında Ermənistan Polisinin rəisi Valeriy Osipyan Arutunyana qarşı başladılan cinayət işini şərh edərkən bildirib ki, o sabiq nazirinin Rusiya vətəndaşı olduğunu bilməyib.
Xatırladaq ki, Arutunyan daha əvvəl beynəlxalq axtarışa verilib. O, konstitusiya quruluşunu pozmaqda ittiham olunur və onun adı 1 mart cinayət işi üzrə hallanır.