BAKI, 26 dekabr — Sputnik. Bu gün Bakıda "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın (MFP) icrası üzrə monitorinqin nəticələri açıqlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə Açıq Hökumət Platformasının koordinatoru, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti, layihənin ekspert qrupunun rəhbəri Əliməmməd Nuriyev nəticələri açıqlayıb.
Ə.Nuriyev bildirib ki, bu hesabat Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Konstitusiya" Araşdırmalar Fondu tərəfindən həyata keçirilən "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın monitorinqi" layihəsi çərçivəsində hazırlanıb: "Bu hesabat MFP üzrə nəzərdə tutulan tədbirlərin icrasındakı irəliləyişlərin və problemlərin aşkar olunmasına fokuslanıb. Layihə ekspertləri Milli Fəaliyyət Planının bəndlərinin icrasında olan inkişaf və zəiflikləri təsvir edib və tövsiyələri müəyyən edib. Monitorinq 2016-cı il fevral və 2018-ci il oktyabr aylarını əhatə edən dövrü əhatə edir. Monitorinq MFP-nin orta icra göstəricinin 81.76% olduğunu göstərib".
Ə.Nuriyev qeyd edib ki, ümumilikdə, MFP-nin icrasında dövlət orqanları və planın icrasına cəlb olunan digər qurumlar yaxşı dinamika nümayiş etdiriblər: "MFP ilə nəzərdə tutulan tədbirlərin icrası yaxın perspektivdə Açıq hökumət islahatlarının genişlənməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflıq, hesabatlılığın artması, ictimai iştirakçılıq və nəzarət mexanizmlərinin daha işlək olması, vətəndaşlara və biznesə dövlət xidmətlərinin göstərilməsində, ASAN Xidmət təcrübəsinin daha geniş arealı əhatə etməsinə nail olunmasında, ictimai vəsaitlərin səmərəli istifadəsi, elektron xidmətlərin inkişaf etdirilməsi və bu istiqamətdə nəzarətin gücləndirilməsi sahəsində irəliləyişlər, təkmilləşdirmə aparılması və novasiyaların tətbiqi üçün yeni imkanlar yaradıb".
O, bildirib ki, bununla yanaşı, MFP ilə nəzədə tutulan tədbirlərin icrası dövlət orqanlarının, biznesin, vətəndaş cəmiyyətinin, ən vacibi isə vətəndaşların gündəlik fəaliyyətində hiss olunmağa başlayıb: "MFP-nin icrasınının əlaqələndirilməsi sahəsində əvvəlki illərlə müqayisədə əhəmiyyətli irəliləyiş müşahidə olunub. MFP-nin icrasına nəzarəti həyata keçirən və əlaqələndirmə funksiyalarını yerinə yetirən Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası Elektron Monitorinq Sistemi tətbiq edərək bu sahədə yeni təcrübə yaradıb".
Onun sözlərinə görə, MFP-nin icrasında zəifliklər isə əsas etibarı ilə əvvəlki illərdən qalma problemlərlə bağlıdır: "Bu vəzifəli şəxslərin maliyyə xarakterli məlumatları təqdim etməsi ilə bağlı mexanizmin yaradılmaması, "Maraqlar toqquşması haqqında" qanunun, "Rəqabət Məcəlləsi"nin qəbul olunmaması, dövlət orqanları və dövlət şirkətləri, səhmlərində dövlət payı olan şirkətlərin maliyyə şəffaflığının təmin edilməsi üçün işlək mexanizmlərin tətbiq edilməməsi, informasiya əldə edilməsi haqqında qanunun tətbiqi, ictimai iştirakçılıq mexanizmlərinin daha geniş tətbiqi ilə əlaqədar çətinliklərin qalmasıdır".
"Monitorinqin nəticələrinə əsasən MFP-nin orta icra göstəricisi 81.76% təşkil edir. MFP-də 2 istiqamət üzrə (3, 7) 100% nəticə əldə edilib. 11 istiqamətin heç biri üzrə 50%-dən aşağı icra göstəricisi qeydə alınmayıb. 6 istiqamət üzrə 80%-dən çox nəticə əldə edilib. 1.6, 2.2, 5.2, 5.4, 6.1.1, 8.2, 9.3. 11., 11.6 bəndləri üzrə daha aşağı irəliləyiş nəzərə çarpır. MFP-nin 59 bəndindən 15 bənd üzrə 50% və ondan aşağı nəticə qeydə alınıb"-deyə o diqqətə çatdırıb.
MFP haqqında məlumat verən Ə. Nuriyev bildirib ki, 27 aprel 2016-cı il tarixdə dövlət başçısının müvafiq sərəncamı ilə növbəti, "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı" təsdiqlənib: "Plan 11 istiqamət üzrə qruplaşdırılmış 59 tədbiri əhatə edir. Milli Fəaliyyət Planın təsdiqlənməsi ilə bağlı Azərbaycan Prezidentinin sərəncamının 5 bəndində tövsiyə olunub ki, tədbirlərin həyata keçirilməsinə, dəyərləndirilməsi prosesinə vətəndaş cəmiyyəti institutları cəlb olunsun. Eyni zamanda Açıq Hökumət Tərəfdaşlığının əsas prinsiplərindən biri də Fəaliyyət Planın icrasına vətəndaş cəmiyyəti institutlarının cəlb edilməsidir".
Tədbirdə həmçinin "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin xidmət mərkəzlərinin nə qədər "ASAN"laşması ilə bağlı apardığı ikinci monitorinqin nəticələri açıqlanıb.