TƏHLİL

Gündəlik 28 milyon dollar itirməyə başlamışıq

Vüqar Bayramov: "Mövcud qiymətlərlə neft ixracatımızın dəyəri 39 milyon 150 min dollardır"
Sputnik

BAKI, 25 dekabr — Sputnik. "Qlobal birjalar son 20 ayda ən aşağı səviyyəni nümayiş etdirib. Əmtəələr indeksi son 3 ilin ən aşağı səviyyəsindədir. Bu azalmalar neft bazarından da yan keçməyib".

Neft kəskin ucuzlaşdı – 50,47 dollar

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə iqtisadçı-alim Vüqar Bayramov öz "Facebook" səhifəsində yazıb. O bildirib ki, "Brent" markalı neftin bir bareli 50 dollarlıq psixoloji həddədək ucuzlaşıb: "Neft 1 gündə 6 faizdən çox dəyər itirib. Qiymətlərin kəskin azalması OPEC-i təcili görüş keçirməyə məcbur edir. Kartel artıq üzvlərinə müraciət etsə də, belə bir görüşün yaxın günlərdə reallaşması və bütövlükdə qiymət azalmaların qarşısının alınması real deyil".

Alimin sözlərinə görə, Azərbaycanın gündəlik neft ixracatının 783 min barel olduğu nəzərə alınsa, neftin qiymətinin aşağı düşməsinin ölkəmizə təsirini müəyyənləşdirmək çətin olmaz: "Belə ki, neftin bir barelinin qiyməti 86 dollar olan zaman neft ixracatımızın dəyəri 67 milyon 338 min dollar idi. Bu rəqəmə bütün xərclər daxildir. Mövcud qiymətlərlə neft ixracatımızın dəyəri 39 milyon 150 min dollardır".

"Bu, o deməkdir ki, cari ilin oktyabrı ilə müqayisədə gündəlik neft ixracatımızın dəyəri 28 milyon 188 min dollar azalıb. OPEC-in son toplantısında ölkəmiz gündəlik hasilatın 20 min barel azaldılması ilə bağlı öhdəlik götürüb. Bunu nəzərə alaraq gündəlik neft ixracatımızdan əldə etdiyimiz gəlirin daha çox azaldığının şahidi olarıq" - V.Bayramov vurğulayıb.