Çavuşoğlu ABŞ-ın qərarına görə təcili Moskvaya gəlir

"Orada Suriyadan ABŞ qoşunlarının çıxarılmasını və siyasi nizamlanmanı müzakirə etmək niyyətindəyəm"
Sputnik

BAKI, 25 dekabr — Sputnik. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Rusiyaya səfər edəcək. Sputnik Azərbaycan"RİA Novosti"yə istinadən xəbər verir ki, o, Moskvada ABŞ qoşunlarının Suriyadan çıxarılmasını müzakirə edəcək.

"Mən Rusiyaya səfər etmək və orada Suriyadan ABŞ qoşunlarının çıxarılmasını və siyasi nizamlanmanı müzakirə etmək niyyətindəyəm", - deyə Çavuşoğlu bildirib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp dekabrın 19-u öz "Twitter" səhifəsində ABŞ qoşunlarının Suriyadan çıxarılmasının vaxtının çatdığını yazıb: "Uzun müddətdir ki, Suriyada müharibə aparırıq. İki ilə yaxındır ki, Birləşmiş Ştatlar prezidentiyəm. Həqiqətən, irəliləyişə nail olmuşuq. İŞİD-i məğlub etdik və torpaqları geri aldıq".

O, həmçinin qeyd edib ki, ABŞ əsgərlərinin evə dönmə vaxtı çatıb.