““Ümumi təhsil haqqında” qanunun orta təhsildə hər hansı sıçrayışlı inkişafa səbəb olacağı haqqında danışmaq hələ tezdir”. Bunu təhsil eksperti Etibar Əliyev Sputnik Azərbaycan-a “Ümumi təhsil haqqında” qanun barədə danışarkən deyib.
“Biz 12 illik təhsil sisteminə keçəcəyimizi nəzərdə tutmuşduq. Bu, orta təhsildə təmayülləşməni sürətləndirəcəkdi, lakin qanun layihəsində öz əksini tapmadı. Həmçinin repetitorluq xidmətinin çəkisini azaldacaq, dərsliklərin və proqramların xeyli dərəcədə yüngülləşməsinə gətirib çıxaracaqdı. Digər məqamlar müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı olmalı idi. Ancaq bu istiqamətdə də qanun layihəsində hər hansı maddə nəzərdə tutulmadı. Qanunun icrası məktəbə və təhsilə rəhbərlik edən şəxslərdən asılı olacaq. Onu da deyim ki, dünyada orta təhsillə bağlı olan çağırışlar bu qanunda çox az əksini tapıb. Düşünürəm ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədinin icrası tamamlanmayıb. Ümumilikdə, bu qanunun bir köməkçi kimi orta təhsildəki çatışmazlıqların aradan qaldırılmasına yardım edə biləcəyini düşünürəm” - deyə o bildirib.
Qeyd edək ki, dekabrın 18-də “Ümumi təhsil haqqında” qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz