HADİSƏ

Tələbələr arasında qanlı toqquşma: II kursda oxuyan gənc öldürüldü

Ağstafalı tələbə dostlar Bakıda mübahisə ediblər, biri digərini öldürüb
Sputnik

BAKI, 24 dekabr — Sputnik. Bazar günü paytaxtın Nərimanov rayonunda Bakıdakı ali məktəblərdən birinin tələbəsi cinayətin qurbanı olub. Bu barədə Sputnik Azərbaycan-a Nərimanov Rayon Polis İdarəsindən məlumat verilib. 

"Zeytun bağları"nda qətl: İstintaq müdhiş cinayətin izinə düşüb

Bildirilib ki, Ağstafa rayon sakini, 18 yaşlı Xəlilov Elman Elyar oğlu dekabrın 23-də axşam saatlarında Atatürk prospekti 2A ünvanında baş verən dava zamanı 9 bıçaq yarası alıb. Gənc 5 saylı şəhər kliniki xəstəxanasına çatdırılsa da, bir qədər sonra dünyasını dəyişib. 

İlkin məlumata görə, Xəlilov Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsinin II kurs tələbəsi olub. Qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Məlum olub ki, o, Xəlilovun yerlisi və uşaqlıq dostu, İdman Akademiyasının tələbəsi, 18 yaşlı Rauf İlqar oğlu Murquzovdur.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Qətlin motivi araşdırılır.

Xatırladaq ki, Azərbaycan Texniki Universiteti də tələbənin qətli ilə bağlı açıqlama yayıb: "Bizdə olan qeyri-rəsmi məlumata görə, Elman uşaqlıq dostu Murquzov Rauf İlqar oğlu tərəfindən qətlə yetirilib. Hadisə dünən, istirahət günü universitetdən kənarda baş verib. Hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır".