CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda böyük narazılığa səbəb olan problemlə bağlı rəsmi açıqlama

AAYDA: Babək prospektində yeraltı və ya yerüstü piyada keçidlərinin tikintisi nəzərdə tutulmayıb
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 24 dekabr — Sputnik. Bir müddət əvvəl Babək prospektinin təmiri yekunlaşdı və yol sürücülərin ixtiyarına verildi. Ancaq yolda yeraltı və yerüstü piyada keçidlərinin olmaması, geridönmələrdə quraşdırılan plastik dirəklər əhalinin narazılığına səbəb oldu. Hətta sosial şəbəkələrdə bu istiqamətdə geniş müzakirələr aparıldı.

AAYDA paytaxt yollarının qışa hazır olub-olmadığına aydınlıq gətirdi

Məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli qeyd edib ki, qurum sırf yolun yenidən qurulması işlərini aparır. Agentliyin rəsmisi bildirib ki, prospektdəki yenidənqurma zamanı layihə üzrə nəzərdə tutulmuş işlər həyata keçirilib.

"Təbii ki, bu layihə də bütün aidiyyəti qurumlarla razılaşdırılmış şəkildə həyata keçirilir. Yol hərəkətinin təşkili və təhlükəsizliyi birbaşa bizim səlahiyyətimizdə deyil. Biz nəzərdə tutulan yerlərdə aidiyyəti qurumların razılığı və onların mütəxəssislərinin iştirakı ilə yol nişanları quraşdırır, yolu xətləyir, piyada zolaqlarını çəkib təhvil veririk. Biz özbaşına orada nə yol nişanı quraşdıra bilərik, nə xətt, nə də piyada zolağı çəkə bilərik" - deyə AAYDA təmsilçisi vurğulayıb.

Nəcəfli qeyd edib ki, əgər hər hansı bir ərazidə piyada zolağının çəkilişi labüddürsə, Agentlik icraçı qurum olaraq aidiyyəti qurumların göstərəcəyi yerdə onu icra etməyə hazırdır.

A.Nəcəfli piyada keçidlərinin olmaması ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib. Deyib ki, Babək prospektində yeraltı və ya yerüstü piyada keçidlərinin tikintisi nəzərdə tutulmayıb: "Burada məqsəd prospektin yenidən qurulması olub. Gələcəkdə isə hər hansı yeraltı və yerüstü piyada keçidi tikilə bilər".

"Bunun üçün Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının və aidiyyəti qurumların razılığı olmalıdır, vəsait ayrılmalıdır. Agentliyinin bunu özbaşına həyata keçirməsi mümkün iş deyil" - o, əlavə edib.

Qurum rəsmisi geridönmə yerlərində olan plastik dirəklərin sökülməsi məsələsinə də aydınlıq gətirib: "Layihədə plastik dirəklərin qoyulması nəzərdə tutulduğundan həmin dirəklər quraşdırılıb. Ancaq sonradan əhalinin narazılıqları nəzərə alınaraq dirəklər çıxarılıb".

Qeyd edək ki, Babək prospektinin təmirinə bu ilin fevral ayından başlanılıb. Prezident İlham Əliyev prospektin yenidən qurulması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 20,1 milyon manat vəsait ayırıb.