İlham Əliyev “Bakı Ağ Şəhər”də görülən və görüləcək işlərlə tanış olub

Sonra Prezident məsafədən idarə olunan SCADA dispetçer sistemi vasitəsilə “Ağ Şəhər-2” yarımstansiyasını və 110/35/10 kilovoltluq “Bakıxanov” yarımstansiyasını işə salıb
Sputnik

BAKI, 24 dekabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bakı Ağ Şəhər”də 110 kilovoltluq “Ağ Şəhər-2” və “Bakıxanov” yarımstansiyalarının, Birinci Fəvvarələr küçəsinin açılışında, eləcə də “Ağ Şəhər” piyada körpüsünün və Zaman meydanının təməlqoyma mərasimində iştirak ediblər, tikintisi yekunlaşan Fəvvarələr Meydanı Parkı ilə tanış olublar. 

İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb

Sputnik Azərbaycan Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı “Ağ Şəhər-2” yarımstansiyasının açılışını edib. 

“Azərişıq” ASC-nin sədri vəzifəsini icra edən Vüqar Əhmədov dövlətimizin başçısına məlumat verib ki, “Ağ Şəhər” layihəsinin keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz olunması istiqamətində kompleks tədbirlər həyata keçirilir. 

Sonra Prezident məsafədən idarə olunan SCADA dispetçer sistemi vasitəsilə “Ağ Şəhər-2” yarımstansiyasını və 110/35/10 kilovoltluq “Bakıxanov” yarımstansiyasını işə salıb.

Dövlətimizin başçısına məlumat verilib ki, ötən əsrin 70-ci illərinin ortalarında o dövrün elektrik enerjisi tələbatına uyğun tikilərək istifadəyə verilən 110/35/10 kilovoltluq “Bakıxanov” yarımstansiyasının köhnə avadanlıqları müasir tələblərə cavab vermədiyindən və istismar müddətini bitirdiyindən tamamilə yenidən qurulub.

Sonra Birinci Fəvvarələr küçəsinin açılışı olub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verib. Prezident İlham Əliyev Birinci Fəvvarələr küçəsinin rəmzi açılışını bildirən lenti kəsib. 

Sonra İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tikintisi yekunlaşan Fəvvarələr Meydanı Parkı ilə tanış olublar. “Bakı Ağ Şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıxov dövlətimizin başçısına məlumat verib ki, təməli 2016-cı ilin dekabr ayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulmuş Fəvvarələr Meydanı Parkı piyada keçidi və 800 yerlik ictimai parkinq kompleksinin bir hissəsidir.

Dövlətimizin başçısına, həmçinin ötən illərdə “Ağ Şəhər”də həyata keçirilən və perspektivdə reallaşdırılması nəzərdə tutulan layihələr barədə məlumat verilib.

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağ Şəhər piyada körpüsünün və Zaman meydanının təməlini qoyublar. Təməlqoyma mərasimindən sonra xatirə şəkli çəkdirilib.

“Bakı Ağ Şəhər”də ötən müddətdə həyata keçirilən işlər və növbəti illərdə icrası nəzərdə tutulan tədbirlərlə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeron rayonunda 1000 məcburi köçkün ailəsi üçün salınmış yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edib.