Mətbuat mərkəzi

Media nümayəndələri müəlliflik hüququ problemini müzakirə etdilər

Azərbaycan Mətbuat Şurasının sədr müavini, Jurnalist Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyir ki, müəlliflik hüquqları dünyada da internetin inkişafı ilə qabarıq şəkildə ortaya çıxan əsas problemlərdən biridir
Sputnik

Bu gün Sputnik Azərbaycan Multimediya Mərkəzində keçirilən tədbirdə onlayn mediada müəlliflik hüquqları sahəsindəki vəziyyət müzakirə olunub.

Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədr müavini, Jurnalist Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli onlayn mediada müəlliflik məsələləri ilə bağlı qarşılaşılan problemlərdən danışıb.

O bildirib ki, jurnalistin xüsusi texnologiyalardan istifadə edərək əldə etdiyi informasiyanı başqasının əldəetməsi mümkün deyilsə, o zaman orada müəlliflik hüququ yaranır: “Digər hallarda isə - adi informasiyalar əlçatımlıdırsa – burada artıq müəlliflik hüququ yaranmır. Kənardan baxanda bu sahədə boşluq olduğu görünsə də, bu belə deyil. Bu problem tək Azərbaycanı əhatə etmir. Hazırda dünyada da internetin inkişafı ilə qabarıq şəkildə ortaya çıxan əsas problemlərdən biridir. Bu cür problemlərlə məşhur saytlar, agentliklər də üzləşir. Məsələ mürəkkəb görünsə də, ondan sadə çıxış yolları var. Azərbaycanda müəllif hüquqlarının qorunmasının ənənəsini yaratmalıyıq. Biz bunu yaratmadıqca problemlər artır”.