CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir tikinti şirkətinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb - RƏSMİ

“Pilot İnşaat-A” MMC-nin vəzifəli şəxsləri qarşı cinayət işi açıldı
Sputnik

BAKI, 20 dekabr - Sputnik. Tikinti sektorunda yol verilmiş qanun pozuntularının qarşısının alınması, bu sahədə aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı mübarizə çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə tədbirlər davam etdirilir.

Bu barədə Sputnik Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Baş Prokurorluğun birgə məlumatına istinadən xəbər verir. 

İlham Əliyev tikinti ilə bağlı taleyüklü qərara imza atdı

Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılmış araşdırma nəticəsində “Pilot İnşaat-A” MMC-nin vəzifəli şəxsləri tərəfindən paytaxtın Nəsimi rayonu ərazisində inşa edilən dörd hündürmərtəbəli binalardan üçü üzrə Komitə ilə razılaşdırılmış ərazi-planlaşdırma sənədlərində qeyd olunmuş tələblərin pozulması halları müəyyən edilərək bu barədə toplanmış materiallar aidiyyəti üzrə müvafiq tədbirlər görülməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Aparılmış araşdırmalarla cəmiyyət tərəfindən inşa edilən binalardan üçünün mərtəbələrinin sayının layihədə nəzərdə tutulduğundan artıq inşa edildiyi, iki yaşayış binasında isə əlavə olaraq mansardların inşa edildiyi müəyyən edilib.

Qeyd edilən qanunsuz hərəkətlərlə “Pilot İnşaat-A” MMC-nin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə və özbaşına tikinti işləri aparmalarına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 222-1.1-ci (özbaşına tikinti işləri aparma) maddələri ilə cinayət işi başlanıb.

Müdafiə naziri təmir-tikinti işlərinin gedişini yoxlayıb

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə bir daha müraciət edərək şəhərsalma qanunvericiliyinin tələblərinə tam riayət etməyə çağırır. Müvafiq icra hakimiyyəti orqanlarından tikintiyə icazə sənədi və tikinti işlərinə başlanılmasına dair xüsusi nişan alınmadan hər hansı tikinti və ya söküntü işlərinin aparılması qadağandır və bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı ən ciddi tədbirlər görüləcək.