BAKI, 19 dekabr — Sputnik. "2017-ci il aprelin 1-dən əlavə dəyər vergisinin, eləcə də 6 faiz və 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyiciləri, 2018-ci il yanvarın 1-dən isə bütün vergi ödəyiciləri təqdim etdikləri mallara (işlərə, xidmətlərə) görə alıcılara elektron qaydada qaimə-faktura təqdim edirlər".
Bu barədə Sputnik Azərbaycan-a Vergilər Nazirliyindən məlumat verilib. Məlumata görə, elektron qaimə-fakturanın tətbiqindən ötən dövr ərzində aparılan təhlillər göstərir ki, bəzi dövlət təşkilatları, yerli özünüidarəetmə orqanları və bankların göstərdikləri iş və xidmətlərə görə təqdim etməli olduqları e-qaimə-fakturaların verilməsi onların iş yükünü çətinləşdirir.
Nazirlikdən bildirilib ki, həmin təşkilatlarda aparılan sənədləşmə işlərinin həcmi və miqyası həddindən artıq böyük olduğundan sənədləşmədə müəyyən problemlər yaranır, inzibati yük artır: "Bundan əlavə, banklar tərəfindən təqdim olunan maliyyə xidmətlərinin gündəlik sayının həddən çox olması elektron qaimə-fakturaların tərtib edilməsini praktiki cəhətdən çətinləşdirir. Bankların müştərilərə göstərdiyi xidmətlər zamanı, aparılan əməliyyatlar zamanı gündəlik əsasda çıxarış verildiyi nəzərə alındıqda isə, həmin maliyyə xidmətlərinə görə elektron qaimə-fakturaların verilməsinə ehtiyac yaranmır".
Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktor müavini Şamil Ərəbovun sözlərinə görə, bu səbəbdən elektron qaimə-fakturaların praktikada tətbiqi zamanı vergi inzibatçılığının yüngülləşdirilməsi baxımından bəzi kateqoriya şəxslərin elektron qaimə-faktura verməli olan şəxslərin siyahısından istisna edilməsi zərurəti yaranıb. Bu məqsədlə Vergi Məcəlləsinə (16.1.11-6.1-ci - 16.1.11-6.3-cü maddələr) elektron qaimə-faktura ilə bağlı bəzi dəyişikliklər edilib.
Dəyişikliyə əsasən, vergi ödəyicisinin fəaliyyət xüsusiyyətlərini, əməliyyatların həcmini və dövriyyənin nağdsız formalaşmasını nəzərə alaraq 2019-cu il yanvarın 1-dən aşağıdakı təşkilatların alıcılara elektron qaimə-faktura təqdim etmək öhdəliyi aradan qalxacaq:
· bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi;
· dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi;
· notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi.
Həmin şəxslər tərəfindən göstərdikləri iş və xidmətlərə görə alıcılara qəbz və digər ciddi hesabat blankları təqdim edilir.