“Avropa dövlətlərində yaşanan iqtisadi çətinliklər etirazların əsas səbəbidir”. Bunu Sputnik Azərbaycan-a Avropa ölkələrini bürümüş "sarı jiletlilər" aksiyasının səbəblərini şərh edərkən politoloq İlqar Vəlizadə deyib.
Politoloq bildirib ki, etirazçıların əsas istəyi sosial problemlərin həllidir: “Hakimiyyətə gəlmədən öncə siyasətçilərin platformasında bu məsələ qabarıq şəkildə əksini tapmışdı. Ancaq sonradan onların apardığı siyasət seçicilərin etirazlarına gətirib çıxardı. Hazırda Avropada dövlətlərinin rəhbərləri çətin və mürəkkəb iqtisadi problemlərin həllində aciz qalıblar. Onlar siyasi liderliklərindən istifadə edərək, iri biznes nümayəndələrinin maraqlarına xidmət edən qərarlar qəbul edirlər. Etiraz dalğalarını maraqlı edən tərəf odur ki, onların arxasında hər hansı iri ciddi siyasi qrup dayanmır. Lakin genişlənən bu fenomenin Avropa siyasətində yer alacağına və güclənəcəyinə hər hansı şübhə yoxdur. Görünən odur ki, yeni sosial-siyasi qrupun yaranmasının şahidi oluruq”.
Qeyd edək ki, 17 noyabrda Fransada başlayan və daha sonra Belçika, Hollandiya, İngiltərə, Yunanıstan, İsraildə davam edən “sarı jiletlilər”in aksiyası indi də Kanadada başlayıb.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz