ELM

Təhsil sistemində dəyişikliklər gözlənilir

Qanun Azərbaycanda ümumi təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ümumi təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir
Sputnik

BAKI, 18 dekabr — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni hazırlanan "Ümumi təhsil haqqında" qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu qanun Azərbaycan Konstitusiyasına uyğun olaraq, Azərbaycanda ümumi təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ümumi təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

Qanun layihəsi 5 fəsil, 33 maddədən ibarətdir.

Qanun layihəsinin 12-ci (Ümumi təhsil müəssisəsi) maddəsində deyilir ki, ümumi təhsil müəssisəsində təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq ediləcək. Bildirilib ki, bəzi məktəblərdə məktəbli forması tətbiq olunsa da, ancaq bütün məktəbləri əhatə etməyib.

Qanun layihəsinin 31-ci (Ümumi təhsil sahəsində sahibkarlıq və innovasiya fəaliyyəti) maddəsinə əsasən, ümumi təhsil müəssisəsi əlavə gəlir əldə etmək məqsədi ilə nizamnaməsində nəzərdə tutulmuş qaydada profilinə və fəaliyyət istiqamətlərinə uyğun olaraq və təhsilin prioritetliyini əsas götürməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə (ödənişli təhsil xidmətləri, yardımçı təsərrüfatlardan əldə olunan məhsulların, şagirdlərin əl işlərinin satışından və icarədən əldə olunan gəlirlər və s.) məşğul ola bilər.

Dövlət ümumi təhsil müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər bilavasitə təhsilin inkişafına və işçilərin sosial müdafiəsinə yönəldilir.

Qanunun 13-cü (Ümumi təhsilin təşkili) maddəsində deyilir ki, ümumi təhsilin tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə (humanitar, texniki, təbiət və digər) təşkil edilir. Təmayül sinifləri şagirdlərin sayı ən azı 15 nəfər olmaqla komplektləşdirilir. Tədris ili ərzində təmayül siniflərində şagird sayının azalması həmin siniflərin fəaliyyətinin davam etdirilməsinə məhdudiyyət yaratmır.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.