CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtın məşhur bazarında orijinal yenilik - VİDEO

Bazarın nəzdində ədviyyat, quru meyvələr, təbii təbabət məhsulları, orqanik kənd təsərrüfatı məhsulları, suvenir mağazaları, yarmarkalar, kiçik və böyük həcmlərdə dulusçuluq, papaqçılıq, xalçaçılıq kimi emalatxanalar planlaşdırılır
Sputnik

BAKI, 18 dekabr - Sputnik. Uzun müddətdir söküləcəyi xəbəri ilə sakinlərin narahatlığına səbəb olan “Şərq bazarı” layihəsinin taleyi hər kəsi sevindirəcək məlumatla bir daha gündəmə gəldi. “PMD Project”in sifarişi ilə təşkil olunmuş Beynəlxalq memarlıq müsabiqəsinin qalibi seçilən yerli memarlıq şirkəti “Reflect Architects” Şərq Bazarının konseptual layihəsini hazırlayıb.

Şirkətdən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan memarlıq və inşaat sahəsində dövrün ən önəmli incəsənət nümunəsi kimi yaddaşlara həkk olunmuş “Şərq bazarı”, XX əsrdə Azərbaycan memarlığının tarixi ənənələrini müasir texniki üsullarla davam etdirərək,  xalqın keçmiş, indiki və gələcək irsini əks etdirib.

1982-ci ildə memarlar P.İ.Yarinovski və U.V.Revazovun layihələri əsasında inşa edilən “Şərq bazarı”, 2001-ci ildə Nazirlər Kabinetinin qərarı əsasında Respublikanın tarixi memarlıq abidələri siyahısına daxil edilib. Eyni zamanda Azərbaycan tarixində Şərqin ən böyük memarlıq mükafatı olan “Ağa Xan” memarlıq mükafatına namizəd olmuş ilk layihədir.

Bazar kimi fəaliyyət göstərməsi nəzərdə tutulan bina, zamanla istifadəçilər tərəfindən dəyişdirilib və nəticədə  layihə orijinal memarlıq üslubundan  uzaqlaşıb. Layihənin bərpası zamanı ilk öncə “Şərq bazarı”nın adını və tarixi əhəmiyyətini cəmiyyətə qaytarmaq və ərazidəki mövqeyini gücləndirmək nəzərdə tutulur. Uzun zamanlar şəhərin bu hissəsi “Şərq bazarı” kimi adlandırılsa da, əslində, istifadəçilər binanın mövcudluğundan və tarixi əhəmiyyətindən xəbərsiz idilər. Ona görə də, ilk növbədə, bazarın Beynəlxalq bərpa normativlərinə görə orijinal layihəsinə qaytarılması və müasir standartlara uyğun formada yenidən xalqın istismarına verilməsi nəzərdə tutulur.

Bazarın orijinal təyinatı ilə yanaşı, müasir tələblərə uyğun yeni iaşə məkanlarının yerli və əcnəbi turistlərin daimi görüş yerinə çevrilməsi düşünülür. Bazarın nəzdində ədviyyat, quru meyvələr, təbii təbabət məhsulları, orqanik kənd təsərrüfatı məhsulları, suvenir mağazaları, yarmarkalar, kiçik və böyük həcmlərdə dulusçuluq, papaqçılıq, xalçaçılıq kimi emalatxanalar, Şərq üslubunda hamam, milli restoranlar, kafelər və s. obyektlər planlaşdırılır.

Bazarın orijinal planlarında bəzi hərəkət sirkulyasiya xətləri terraslar üzərindən keçdiyi üçün məkanlar arasında keçidlərdə enerji itkisi və komfortsuz zonaların meydana gəlməsinə səbəb olub. Layihənin yeni sirkulyasiyalarında bu kimi məqamlar incəliklə analiz edilib, restavrasiya çərçivələri daxilində bütün məkanların tam funksional və minimum enerji itkisi ilə həll olunmasına nail olunub.

“Şərq bazarı”nın interyer konsepsiyasının referansı olaraq isə İçərişəhərin rəngarəng və dinamik atmosferasının - tarixi məkanların, yarmarkaların, kafelərin və s. bazarın daxili və xarici həcmlərinə inteqrasiyası nəzərdə tutulur. Orijinal layihəyə əsasən, günbəzlərin iç divarlarının monoton rəngli olmasını nəzərə alaraq, bərpa layihəsi standartları çərçivəsində həmin hissələrin  işıq-kölgə installasiyaları ilə milli naxışları və atributları əks etdirməklə məkanların iç atmosferasının dinamikasının gücləndirilməsi planlaşdırılır.

“Reflect Architects” düşünür ki, zamanla “Şərq bazarı” özünün layiq olduğu adını qaytaracaq və  daima inkişafda olan Bakının yeni tarixi mərkəzlərindən birinə çevriləcək.