"Dövlət Himni haqqında" yeni qanun layihəsi birinci oxunuşda qəbul olunub

Qanun layihəsi 9 maddədən ibarətdir və Azərbaycan Dövlət Himninin ifa edilməsi, oxunması və dinlənilməsi qaydalarını müəyyən edir
Sputnik

BAKI, 18 dekabr - Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni hazırlanan "Azərbaycan Respublikasının Dövlət Himni haqqında" qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Sputnik Azərbaycan xəbər verir ki, qanun layihəsi 9 maddədən ibarətdir və Azərbaycan Dövlət Himninin ifa edilməsi, oxunması və dinlənilməsi qaydalarını müəyyən edir.

Parlamentdə dövlət rəmzi ilə bağlı mühüm qanun qəbul edilib

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Qanun layihəsini təqdim edirik:

Maddə 1. Dövlət Himni

1.1. Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinin I hissəsinə əsasən, Dövlət Himni Azərbaycan Respublikasının dövlət rəmzlərindən biridir.

1.2. Dövlət Himninin musiqisi və mətni "Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən edilir.

Maddə 2. Dövlət Himninə hörmət

Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinin I hissəsinə əsasən, hər bir vətəndaş (o cümlədən Azərbaycan Respublikasının ərazisində olan hər bir əcnəbi və vətəndaşlığı olmayan hər bir şəxs) Dövlət Himninəhörmət etməlidir.

Maddə 3. Dövlət Himni haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Dövlət Himni haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, "Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və bu Qanuna uyğun hazırlanmış digər normativ hüquqi aktlardan ibarətdir.

Maddə 4. Dövlət Himni ilə bağlı dövlətin vəzifələri

4.1. Dövlət Himni ilə bağlı dövlətin vəzifələri aşağıdakılardır:

4.1.1. əhali arasında Dövlət Himninin mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması üçün maarifləndirmə işləri aparmaq;

4.1.2. gənc nəslin Dövlət Himninə hörmət ruhunda tərbiyə edilməsi məqsədi ilə tədbirlər görmək;

İlham Əliyev himnimiz, bayrağımız və gerbimizlə bağlı Qanun imzaladı

4.1.3. Azərbaycan Respublikasının ərazisindən kənarda Dövlət Himninə qarşı hörmətsizliyin qarşısının alınması üçün beynəlxalq hüquq normalarına uyğun tədbir görmək;

4.1.4. bu Qanuna riayət olunmasına nəzarəti təmin etmək.

4.2. Dövlət Himninin mətni və musiqisi (partiturası) əlifba kitabının birinci səhifəsində dərc edilir və bütün təhsil müəssisələrində yeni dərs ilinin birinci dərsi Dövlət Himninin öyrənilməsinə həsr edilir.

Maddə 5. Dövlət Himninin ifa edildiyi hallar

5.1. Dövlət Himni aşağıdakı hallarda hökmən ifa edilir:

5.1.1. yeni seçilmiş Azərbaycan Respublikası Prezidentinin təntənəli andiçmə mərasimində (Azərbaycan Respublikasının Prezidenti and içdikdən sonra);

5.1.2. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Milli Məclisinin iclaslarına gəldiyi zaman;

5.1.3. Azərbaycan Respublikası Milli Məclisinin sessiyalarının başlanması və qurtarması zamanı;

5.1.4. dövlət bayramlarına həsr olunmuş təntənəli yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı;

5.1.5. hər gün Azərbaycan Respublikası milli televiziya və radio verilişlərinin əvvəlində və axırında;

5.1.6. Azərbaycan dövləti və xalqı üçün mühüm tarixi hadisələr olduqda;

5.1.7. Azərbaycanın görkəmli dövlət, siyasi, ictimai, elm, ədəbiyyat və ya incəsənət xadimlərinin və milli qəhrəmanların abidələrinin və ya lövhələrinin açılışı zamanı;

5.1.8. dövlət orqanları, yerli özünüidarə orqanları, qeyri-hökumət təşkilatları və ya siyasi partiyalar tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı (Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırıldıqda və ya asıldıqda);

5.1.9. Azərbaycan Respublikasına rəsmi görüşə gələn xarici ölkələrin dövlət və hökumət başçılarının qarşılanması və yola salınması zamanı (müvafiq ölkənin Dövlət Himni ifa edildikdən sonra).

5.2. Azərbaycan Respublikasının qanunvericiliyində Dövlət Himninin ifa edildiyi digər hallar da müəyyən edilə bilər.

Maddə 6. Dövlət Himninin ifa edilməsinə, oxunmasına və dinlənilməsinə dair tələblər

6.1. Dövlət Himni orkestr, xor və ya orkestr-xor tərəfindən, yaxud başqa vokal üsulla və ya alətlər vasitəsilə, həmçinin səsyazma vasitəsindən istifadə etməklə bütün hallarda tam ifa edilir.

6.2. Azərbaycan Respublikasının vətəndaşları üçün Dövlət Himninin ifa edilməsinə, oxunmasına və dinlənilməsinə dair tələblər aşağıdakılardır:

6.2.1. Dövlət Himnini "Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa əlavə olunmuş musiqisinə (partiturasına) uyğun olaraq bu maddənin 6.1-ci maddəsində müəyyən edilmiş qaydada ifa etmək;

6.2.2. Dövlət Himnini "Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa əlavə olunmuş mətninə uyğun olaraq ayaq üstə və sona qədər oxumaq (oxumadıqda isə ayaq üstə və sona qədər dinləmək);

6.2.3. Dövlət Himni ifa edilən zaman Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılarsa (asılarsa) Dövlət Bayrağına tərəf baxmaq.

6.3. Azərbaycan Respublikasının ərazisində olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Dövlət Himni ifa edilən zaman Dövlət Himnini ayaq üstə və sona qədər dinləməli, Dövlət Himnini ifa etdikdə isə bu Qanunun 6.2.1-ci maddəsinin tələbinə əməl etməlidir.

Dövlət himnimizin müəllifi

6.4. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində göstərilən orqanlarda (Azərbaycan Respublikasının Mərkəzi Bankı istisna olmaqla) xidmət (qulluq) edən hərbi və ya xüsusi rütbəli şəxslərin Dövlət Himni ifa edilən zaman əsgəri salamlaşması qaydaları, o cümlədən Dövlət Himninin ifa edilməsi, oxunması və dinlənilməsi ilə bağlı qaydalar həmin orqanların hərbi nizamnamələri və ya müvafiq aktları ilə tənzimlənir.

6.5. Dövlət Himni respublika və ya beynəlxalq idman yarışlarında həmin yarışları keçirən idman təşkilatının mövcud təcrübəsi nəzərə alınmaqla ifa edilir.

Maddə 7. Dövlət Himni ilə əlaqədar məhdudiyyətlər

7.1. Dövlət Himninin musiqisinin musiqi əsərlərində istifadəsi qadağandır.

7.2. Dövlət Himni bu Qanunda nəzərdə tutulmuş qaydada ifa edilməli, dinlənilməli və oxunmalıdır.

Maddə 8. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, Dövlət Himninə qarşı hörmətsizlik edən şəxslər isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Maddə 9. Yekun müddəalar

9.1. Bu Qanun qüvvəyə mindiyi gündən "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 11, maddə 384) və "Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 11, maddə 328; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 6, maddə 380; 2004, № 4, maddə 199; 2017, № 5, maddə 687) ləğv edilir.

9.2. Dövlət Himninin xarici dövlətin ərazisində keçirilən təntənəli tədbirlər zamanı ifa edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.