SƏHİYYƏ

Bətnindən nəhəng törəmə xaric edilən qadın ana oldu

Riskli hamiləlik uğurla başa çatıb
Sputnik

BAKI, 18 dekabr — Sputnik. Hamiləliyin qorunması və dölün sonrakı inkişafını təmin etmək məqsədilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) mama-ginekoloqu Aleksandr Barsukov tərəfindən icra olunmuş miomektomiya əməliyyatı uğurla başa çatıb. Sputnik Azərbaycan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə istinadən xəbərinə görə, əməliyyat nəticəsində dölə mane olmadan bətndən çəkisi 3 kq-a yaxın olan mioma xaric edilib və qadın kafi vəziyyətdə evə yazılıb.

Belə ki, hamiləliyin 16-17-ci həftəsində olan 31 yaşlı qadın qarın nahiyəsində şiddətli ağrılarla Respublika Müalicəvi Diaqnostika Mərkəzinə müraciət edib. İlk hamiləliyi olan qadının bətnində USM müayinəsi zamanı nadir rast gəlinən uşaqlığın bir neçə müxtəlif ölçülü mioması aşkar edilib.

Əməliyyatdan sonrakı dövr fəsadsız keçib. İnkişaf etmiş hamiləliyin 38-ci həftəsində qeysəriyyə kəsiyi əməliyyatı üsulu ilə doğuş həyata keçirilib. Çəkisi 3.850 qram olan sağlam qız uşağı dünyaya gəlib. Həmçinin ananın bətnindən çəkisi 2 kq-dan artıq mioma xaric edilib.