SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Əli Həsənov: “Bu tip mübarizə mənəvi-əxlaqi keyfiyyətlərimə uyğun deyil”

Kiminsə təhqir olunması hansısa formada mənim ictimai maraqlarıma uyğun deyil
Sputnik

BAKI, 17 dekabr — Sputnik. “Azərbaycan ictimaiyyəti zaman-zaman müxalifətin və ya xarici ölkələrə üz tutub anti-Azərbaycan qüvvələrin nəzarəti altında öz dövlətinə qarşı mübarizə aparan ünsürlərin heç bir reallığa uyğun gəlməyən iddialarına artıq adət edib və tam səmimi demək olar ki, artıq buna əhəmiyyət də vermir. Lakin düşünürəm ki, bəzi hallarda onlara kim olduqlarını, əsl yerlərini göstərmək lazımdır ki, ictimai rəyi çaşdıra və cəmiyyətimizin ab-havasını dəyişə biləcəklərinə qətiyyən ümidli olmasınlar”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Facebook səhifəsində bildirib

Əli Həsənov Paşinyanın qiymətini verdi: Siyasətçi adına parodiya

Əli Həsənov daha sonra qeyd edib: “Tam məsuliyyətimlə bildirirəm ki, özünü “hüquq müdafiəçisi” adlandıran və hər açıqlaması ilə mənəvi-əxlaqi durumunun son dərəcədə acınacaqlı olduğunu nümayiş etdirən Vidadi İsgəndərlinin atasının məzarının təhqir olunması ilə bağlı baş vermiş hadisənin hakimiyyətlə və şəxsən mənimlə bağlamaq cəhdləri növbəti ucuz şoudur. Kiminsə təhqir olunması mənim nə rəsmi statusuma, nə əxlaqıma və mənəviyyatıma, nə psixi-əqli durumuma, nə də ki hansısa formada ictimai maraqlarıma uyğun deyil. Şübhəsiz, bu şayiələr müəyyən maraqlar çərçivəsində və məqsədyönlü şəkildə yayılır. Məqsəd, bir tərəfdən təmsil olunduğum hakimiyyəti belə çirkin olaylarla əlaqələndirmək, digər tərəfdən isə iqtidarın ideoloji-siyasi və mənəvi-əxlaqi siyasətinin həyata keçirilməsində birbaşa iştirak edən aparıcı məmur kimi şəxsən məni hörmət və nüfuzdan salmaqdır. Çünki mənim nüfuzum və cəmiyyətdəki reputasiyam mövcud iqtidarın informasiya siyasətinin və təbliğatının ictimai yükünə və effektivliyinə birbaşa təsir göstərir.

Ancaq son faktı əsas götürərək diqqət etmək lazımdır ki, bu iddiaları irəli sürənlər kimlərdir və məqsədləri nədir?! Azər Kazımzadə adlı şəxs xarici ölkələrdə fəaliyyət göstərən və etnik separatizm toxumu səpməyə çalışaraq Azərbaycan dövlətçiliyinə və milli birliyimizə həmişə sədaqət nümayiş etdirmiş talış xalqını çaşdırmaq istəyən Əlikram Hümbətov, İsmayıl Şabanov, Fəxrəddin Abbaszadələrin dəyirmanına su tökənlərdən biridir. Onun və digər bu kimi ünsürlərin milli hisslərini, mənəvi-əxlaqi keyfiyyətlərini tam itirdiyinə heç bir şübhəm yoxdur. İşğalçı Ermənistanın xüsusi xidmət orqanları ilə birbaşa işləyən və külli-miqdarda vəsait alan, dövlətimizə qarşı açıq düşmənçilik edənlərlə bir sırada duran ünsürlərə və yaxud xaricdə oturub guya Azərbaycanda demokratiya uğrunda “mübarizə apardıqlarını” iddia edən qrant dəllallarına Azərbaycan cəmiyyətinin münasibəti barədə yazmağı isə artıq hesab edirəm.

Mən heç vaxt onların iddialarına, mənə qarşı irəli sürdükləri barmaqdansorma ittihamlarına onların əxlaqına uyğun formada cavab verməmişəm və bundan sonra da belə bir fikrim yoxdur. Həmişə hesab etmişəm ki, siyasətdə qeyri-etik davranış, mənəviyyatdan kənar ifadələr, yalan, təhqir, şantaj heç kimə, o cümlədən mənim siyasi silahdaşlarıma heç bir xeyir gətirməz. Bu yolu tutanlar heç vaxt cəmiyyət qarşısında hörmət qazana və ictimai rəyə təsir göstərə bilməzlər. Onların etdikləri isə yalnız xarici anti-Azərbaycan qüvvələrin pullarını yumaq, üzərlərinə götürdükləri çirkli öhdəlikləri yerinə yetirməkdir və bu artıq heç kimə sirr deyil”.

“Buna görə də əminəm ki, xarici ölkələrdə gizlənərək mənim xalqıma, dövlətimə, ölkə başçısına və onun ailəsinə, məmur və ziyalılarmıza, tanınmış ictimaiyyət nümayəndələrinə qarşı çirkab yağdıran Qurban Məmmədov, Elşad Abdullayev, İsa Sadıqov, Azər Kazımzadə, Orduxan Temirxan, Tural Sadıqlı, Məhəmməd Mirzəli və digər bu kimiləri qanun qarşısında cavab verməlidirlər” – deyə, Prezidentin köməkçisi vurğulayıb.