CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Ədəbi dilimizdən istifadə sahəsində problemlər var"

Monitorinq Qrupunun rəhbəri: "Dildə leksik pozuntular azalsa da, qrammatik və üslub səhvləri hələ də qalmaqdadır"
Sputnik

BAKI, 17 dekabr — Sputnik. Bu gün Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə "Mediada Azərbaycan ədəbi dilinin qorunması: problemlər və perspektivlər" mövzusunda tədbir keçirilib. Sputnik Azərbaycan-ın xəbərinə görə, tədbirdə çıxış edən Mətbuat Şurasının Monitorinq Qrupunun rəhbəri İlham Abbasov deyib ki, ötən illər ərzində cəmiyyətin diqqətini dilimizlə bağlı qarşılaşan problemlərə çəkmək mümkün olub.

"Monitorinqlər 2011-ci ildən etibarən davamlı olaraq keçirilir. Qeyd edim ki, monitorinqlər bir neçə istiqamətdə aparılıb və əsas olaraq ədəbi dil normalarının qorunması və dilin yad təsirlərdən qorunması götürülüb" - o bildirib.

İ.Abbasovun sözlərinə görə, aparılan monitorinqlər nəticəsində aydın olur ki, biz hələ problemləri həll etməkdən uzağıq: "Qeyd edim ki, monitorinqlər 15 qəzet və 10 informasiya saytının materialları əsasında aparılıb. Qarşılaşılan problemlərin bəziləri hələ də təkrar olunur. Monitorinqlərin nəticəsinə əsasən deyə bilərik ki, dildə leksik pozuntular azalsa da, qrammatik və üslub səhvləri hələ də qalmaqdadır".