BAKI, 15 dekabr - Sputnik. Fransada qiymət artımı ilə bağlı bu gün də davam edən aksiyalar zamanı 107 nəfər etirazçı saxlanılıb.
“Report“ xəbər verir ki, bu gün səhər saatlarından başlayan dinc aksiya günortadan sonra qarşıdurma ilə nəticələnib.
“Sarı jiletlilər“ asayiş keşikçilərinə butulka və daş atmağa başlayıblar. Polis isə öz növbəsində aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Ümumilikdə bu gün Fransada keçirilən aksiyalarda iştirakçıların sayında azalma müşahidə olunub. Ölkə üzrə 33 min 500 nəfər nümayişlərə qatılıb. Halbuki ötən həftənin bu günü onların sayı 77 min nəfər təşkil edirdi. Parisdə bu saatlarda 2200 aksiya iştirakçısı qeydə alınıb ki, bu rəqəm də keçən həftə bu vaxtı 10 min nəfərə bərabər idi.
Aksiya iştirakçıları Makronun istefasını tələb edirlər.
Eyni zamanda bu gün Paris üzrə 8 min, bütün ölkə üzrə isə 89 min polis səfərbər olunub.