ABŞ Çinin qarşısında yeni tələb qoydu

Pompeo bildirib ki, iki Kanada vətəndaşının həbs edilməsi qanunsuz və qəbuledilməzdir
Sputnik

BAKI, 15 dekabr — Sputnik. ABŞ dövlət katibi Mayk Pompeo iki Kanada vətəndaşının Çin tərəfindən həbs edilməsinin qəbuledilməz olduğunu bildirərək, Çin hökümətindən həbs olunanların azad etməsini tələb edib.

Sputnik Türkiyə xəbər verir ki, Pompeo bu barədə Müdafiə naziri Cim Mettis, Kanada Xarici İşlər naziri Kristia Freland və Kanada Müdafiə naziri Hargit Sakkin ilə nazirlikdə keçirilən mətbuat konfransında deyib.

Trampdan qələbə təntənəsi: Çin ABŞ qarşısında geri çəkildi

Pompeo bildirib ki, iki Kanada vətəndaşının həbs edilməsi qanunsuz və qəbuledilməzdir və ABŞ Kanada vətəndaşlarının azad edilməsi üçün istənilən yardımı edəcək.

"ABŞ, onların öz vətəndaşı olub-olmamasına baxmayaraq, lazım olanı edəcək. Dünyanın bütün ölkələrindən digər ölkə vətəndaşlarına qarşı yaxşı davranmalarını və Çindən bu iki Kanada vətəndaşının azad etməsini istəyirik" - deyə Pompeo bildirib.

Xatırladaq ki, Çin keçən həftə biri iş adamı, digəri isə keçmiş diplomat olan iki Kanada vətəndaşını milli təhülkəsizliyə təhdid yaratma şübhəsi ilə həbs etmişdi.

Dekabrın 1-də Kanadada Çinin “Huawei” şirkətinin maliyyə direktoru Menq Vuanjou Nyu-York Şərq Dairə Prokurorluğunun sorğusu əsasında saxlanılmışdı. Çinli xanım iş adamına qarşı ABŞ-ın İrana qarşı sanksiyalarını pozduğuna görə ittiham irəli sürülüb. Dekabrın 11-də isə Vankuver məhkəməsi onu girov müqabilində azad edib.