CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının əsas yollarından birinin tikintisi bitmək üzrədir

Yolun tikintisi altına düşən kommunikasiya xətləri də köçürülərək yenidən tikilib
Sputnik

BAKI, 14 dekabr — Sputnik. Bakı Dairəvi-1 avtomobil yolu ilə Abbas Mirzə Şərifzadə küçəsi arasında yeni bağlantı yaradacaq avtomobil yolunun tikintisi artıq yekunlaşmaq üzrədir.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib. Məlumata görə, cari ilin fevral ayında tikintisinə başlanılmış yeni yolun uzunluğu 1310 metr təşkil edir. Yol I texniki dərəcəyə uyğun inşa edilib. 4 hərəkət zolaqlı olan yolun ümumi eni 18.5 metrdir.

Layihəyə uyğun olaraq yolun tikintisi altına düşən 91 maneə, daha dəqiqi yaşayış, qeyri-yaşayış və torpaq köçürülmələri həyata keçirilib. Yolun tikintisi altına düşən kommunikasiya xətləri də köçürülərək yenidən tikilib.