Bakıda keçirilən önəmli tədbir başa çatdı

Azərbaycanın təşkilata sədrliyi dövründə prioritetlərə uyğun olaraq səmərəli, müzakirələr aparılıb
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 14 dekabr — Sputnik. Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasının yekunlarına dair mətbuat konfransı keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, mətbuat konfransında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Bolqarıstan Xarici İşlər nazirinin müavini Emiliya Kraleva, QDİƏT Baş katibi Maykl Kristides iştirak edib.

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 39-cu iclası başlayıb

Mahmud Məmmədquliyev bildirib ki, Azərbaycanın təşkilata sədrliyi dövründə prioritetlərə uyğun olaraq səmərəli, etibarlı və təhlükəsiz nəqliyyat və tranzit, kənd təsərrüfatının ixrac qabiliyyətinin artırılması, turizmin inkişafı ətrafında müzakirələr aparılıb: "Sədrlik çərçivəsində bugünkü görüş də daxil olmaqla 4 dəfə nazirlər, 21 tematik və xüsusi işçi iclasları, müxtəlif tədbir və seminarlar keçirilib. Yanvarın 1-də sədrlik Bolqarıstana keçəcək. Çox istərdik ki, təşkilatımız fəallıq göstərsin Avropa İttifaqı səviyyəsində olsun. Şübhəsiz çətindir, amma üzərində işlənilsə, etmək olar". 

Nazir müavini qeyd edib ki, QDİƏT və Avropa İttifaqı arasında əlaqələr, işçi qrupları var: " Ona görə mümkün olduğunu deyirəm. Gərək öz təşkilatımız da fəal olsun. Artıq QDİƏT-in 26 yaşı var, bu müddət ərzində irəliləyiş əldə olunub və hesab edirik ki, daha çox irəliləyiş olacaq. Çünki təşkilat böyük yol keçib. Hər şey dəyişib. Ola bilsin islahatlar aparılsın və konkret prioritetlər müəyyənləşməlidir. 20- dən çox işçi qrupu var. Elə qruplar var aylarla, illərlə iclas keçirmirlər. Niyə resurs və vaxtımızı sərf edək. Bu mənada prioritetlər konkretləşməlidir".

Bakıda keçirilən önəmli tədbir başa çatdı

QDİƏT Baş katibi Maykl Kristides isə vurğulayıb ki, təşkilatda islahatlar aparılmalıdır: "Təşkilatımızın artıq 26 yaşı var. Onun əsas məqsədi üzv ölkələr və qonşu ölkələr arasında əməkdaşlığa töhfə verib. Bildiyimiz kimi, təşkilat 1992-ci ildə yaradılıb. O vaxtın reallıqları, tamamilə, fərqli idi. İndi isə tamam fərqli reallıqlarla üzləşirik. Ona görə qarşımızda duran çağırışlara cavab vermək lazımdır. Bu baxımdan təşkilat çərçisində islahatların aparılması olduqca önəmlidir".

Bolqarıstan Xarici İşlər nazirinin müavini Emiliya Kraleva isə vurğulayıb ki, Bolqarıstan QDİƏT-ə sədrlik etdiyi vaxt təşkilata üzv ölkələrlə Avropa İttifaqı arasında münasibətlərin inkişaf etdirilməsinə diqqət ayıracaq: "Biz, həmçinin təşkilat çərçivəsində artıq başladılan islahatları davam etdirəcəyik. Biz energetika, kənd təsərrüfatı, mədəniyyət sahələrində əməkdaşlığımızı daha da inkişaf etdirmək niyyətindəyik".