Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 39-cu iclası başlayıb

İclasda təşkilata üzv ölkələrin yüksək səviyyəli rəsmilərinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edirlər
Sputnik

BAKI, 14 dekabr - Sputnik. Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, iclasa Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sədrlik edir. 

İclasda təşkilata üzv ölkələrin yüksək səviyyəli rəsmilərinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edirlər.

Xatırladaq ki, bu ilin iyulun 1-dən QDİƏT-ə Azərbaycan sədrlik edir. Ölkənin təşkilata sədrliyi “Bağlantılar vasitəsilə ticarətin gücləndirilməsi” şüarı altında həyata keçirilib. Azərbaycanın QDİƏT-ə sədrliyi dekabrın 31-də başa çatacaq və sonra Bolqarıstana keçəcək. 

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Türkiyə Respublikasının təklifi ilə 1992-ci il iyunun 25-də İstanbul Bəyannaməsinin imzalanması ilə yaradılıb. Hazırda təşkilatın 12 ölkə - Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna təşkilatın üzvüdür. 14 dövlət və 4 təşkilat QDİƏT-də müşahidəçi statusuna malikdir.