CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Park bağlanır, obyektlər sökülür, niyəsi də bəllidir

Nərimanov rayonundakı parkda 7 kafe sökülüb, onların sahibləri isə orada qanunsuz fəaliyyət göstərdiklərini etiraf ediblər
Sputnik

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 13 dekabr — Sputnik. Bakıda son günlərin ən aktual hadisələrindən biri paytaxtdakı Mustafa Kamal Atatürk parkı ərazisində uzun illərdir fəaliyyət göstərən ticarət obyektlərinin və kafelərin sökülməsidir.

Bununla əlaqədar olaraq, Sputnik Azərbaycan-ın əməkdaşı Nərimanov rayonuna, "Gənclik" metrostansiyası yaxınlığındakı Atatürk parkına gedərək şəhər icra hakimiyyətinin parkda apardığı kardinal dəyişikliklər barədə ətraflı məlumat toplamağa çalışıb.

Park bağlanır, obyektlər sökülür, niyəsi də bəllidir

Burada güclü fırtınadan sonra darmadağın olmuş yerləri xatırladan bir mənzərə ilə rastlaşmaq mümkündür. Nə vaxtsa uzanıb gedən xiyaban boyunca yerləşən çay evləri və ticarət köşklərinin yerində, dağılmış köhnə asfaltın üstündə metal örtüklər, taxta və kərpic konstruksiyaların qalıqları qalaqlanıb. Bu dağıntılar arasında keçmiş kafe sahibləri və eləcə də Nərimanov rayon İcra Hakimiyyətinin işçiləri dolaşaraq salamat qalan əşyaları toplayırlar. İH işçiləri həm də zibilləri ərazidən daşınması üçün yük maşınlarına yığırlar.

İcra hakimiyyətinin kommunal-təsərrüfat şöbəsinin işçilərinə ərazini sürətlə təmizləmək həvalə edilib ki, oranı metal hasara alsınlar. Orada briqadanın işini bir neçə qrup kişi izləyir. Onlardan biri, 83 yaşlı Zülfəli Bağırov Sputnik Azərbaycan-a bildirib ki, o, məcburi köçkündür. Pensiyaya çıxandan sonra parkda köşk açıb. On ildən artıqdır ki, kişi hər gün evinin yaxınlığında yerləşən bu parka çörəkpulu qazanmağa gəlib. Lakin günlərin birində hər şey dəyişib.

Dekabrın 11-də Nərimanov rayon İH Atatürk parkında yerləşən ticarət obyektlərini və kafeləri sökməyə başlayıb. Bağırovun sözlərinə görə, bu gün artıq 7 qeyri-qanuni obyekt sökülüb. Onlarla yanaşı yaşlı məcburi köçkünə məxsus kiçik obyekt də yerlə bir edilib.

Park bağlanır, obyektlər sökülür, niyəsi də bəllidir

Bağırovun sözlərinə görə, yaxın zamanlarda daha 5 kafe də söküləcək. Sonra park təmirə dayanacaq və yalnız 2019-cu ilin mayında açılacaq.

"Bizim heç birimizin burada işləmək üçün icazəmiz olmayıb. İcra hakimiyyətinin nümayəndələri sənəd tələb edəndə, bizdə onlara təqdim etməyə heç nə olmadı. Burada mənim də köşküm var idi. Pensiyaya çıxandan sonra orada siqaret və xırdavat satırdım. Çünki məni heç yerdə işə götürmürdülər. İndi heç cavanlar iş tapa bilmir" - deyə Bağırov bildirib.

O, təəssüflənir ki, bir vaxtlar köşkün tikintisinə 300 manat pul xərcləyib: "Düzdür, bu, o qədər də böyük məbləğ deyil, amma hər halda heyfdir". Bundan əlavə, pensiyaçı vaxtilə onun burada əkdiyi ağacları göstərib. Ağaclar artıq böyüyüb. Yaxın vaxtlarda yəqin ki, onları kəsəcəklər. İcra hakimi şəxsən parka baxıb və qurumuş, eləcə də işə maneçilik törədən ağacları kəsmək tapşırığı verib.

İndi inadkar təqaüdçü köşkündəki bütün malları kustar üsulla hazırlanmış balaca piştaxtaya yığıb və parkdakı hasarlar sökülənə qədər burada qalmaq qərarına gəlib.

Parkdakı qanunsuz obyektlərin heç də hamısı sökülməyib. Burada toxunulmamış bir neçə restoran qalıb. Lakin onların sahibləri hələ də aqibətlərinin necə olacağını bilmirlər. Park təmirə görə hasarlanandan və bağlanandan sonra onlar bütün müştərilərini itirəcəklər. Ona görə də, bu restoranların da icra orqanları tərəfindən müvafiq təzminat ödənildikdən sonra sökülmə ehtimalı var.

Parkın özünə gəlincə, Bağırovun sözlərinə görə, Nərimanov rayon icra hakimiyyətinin nümayəndələrinin söhbətlərindən belə başa düşüb ki, burada Atatürkün adına layiq nə isə möhtəşəm istirahət parkı qurulacaq.

Azərbaycanda yeni Milli Park yaradılır, sərəncam verildi

Redaksiyamız artıq parkdakı vəziyyətlə bağlı Bakı şəhər İcra Hakimiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İsrafil Kərimovla əlaqə saxlayıb. O bildirib ki, Bakıda əsaslı təmirə ehtiyacı olan bütün parklar yenilənəcək. Atatürk parkına gəlincə, hazırda gələcəkdə ictimai istirahət yeri olacaq bu parkın layihəsi üzərində iş gedir. Parkın ərazisi kifayət qədər böyükdür və burada abadlaşdırma işinin mərhələli şəkildə aparılması planlaşdırılır. Sahibkarlar isə köhnə köşk və kafelərin sökülməsinə görə heç bir təzminat almayıblar. Çünki onlar burada müvəqqəti lisenziya ilə fəaliyyət göstəriblər.

Qeyd edək ki, artıq neçə illərdir Atatürk parkının yeni görünüşü üzərində iş gedir. Yenidənqurma işləri isə hələ də başlanmayıb. Parkın memarlıq baxımından layihələşdirilməsinə cəlb olunmuş və adının açıqlanmasını istəməyən memar bildirib ki, parkda əhəmiyyətli dəyişiklik olmayacaq. Çünki rayon icra hakimiyyətinin vəsaitləri bunu etməyə imkan vermir. Çoxsaylı müraciətlərə baxmayaraq, Bakının Nərimanov rayon İcra Hakimiyyəti Atatürk parkının yenidən qurulmasına sərf olunacaq maliyyə vəsaitlərinin həcmini və abadlıq işlərinin nə zaman başa çatacağını açıqlamayıb.