Eldar Tanriverdiyev, Sputnik Azərbaycan
BAKI, 12 dekabr — Sputnik. Gürcüstanla Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın fəaliyyəti davam edir. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Nazir müavini qeyd edib ki, müəyyən müddət komissiyaların iclaslarının keçirilməsində fasilə yaranmışdı: "Bu da ondan irəli gəlir ki, Gürcüstan tərəfində həmkarım tez-tez dəyişirdi. Artıq yeni nazir müavini təyin olunub və bu məsələ ona həvalə olunub".
"Düşünürəm ki, yeni ildən başlayaraq, biz işçi səviyyəsində məsləhətləşmələr, sonra işçi qruplarının görüşü, daha sonra isə 2019-cu ilin ilk rübündə komissiyasının növbəti iclasının keçirilməsinə nail ola bilərik" - nazir müavini bildirib.
Xələfov vurğulayıb ki, bu məsələnin həlli dinamikası artırılmalıdır: "Bu, hər iki dövlət üçün vacib məsələdir. Delimitasiya tezliklə başa çatmalıdır".