BAKI, 11 dekabr — Sputnik. "Bu gündən taksi sürücüləri və taksidən istifadə edənlər yadda saxlasınlar ki, bu gündən taksidə siqaret çəkməyə görə 40-50 manat məbləğində cərimənin tətbiqi barəda qanun (İXM-in 322-ci maddəsinə düzəliş) rəsmi hüquqi qüvvə aldı". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov öz "Facebook" səhifəsində yazıb.
O qeyd edib ki, istər hərəkət vaxtı, istərsə də dayanmış vəziyyətdə taksidə sürücü və ya sərnişin siqaret çəkərsə, bu məbləğdə cərimə oluna bilərlər.
Hüquqşünas onu da əlavə edib ki, bu gündən rəsmi hüquqi qüvvə alan qanuna (İXM-in 212-ci maddəsinə edilən əlavələr) əsasən, siqaret kötüyünü hara gəldi atanlar da 50 manat cərimə olunacaqlar: "İXM-ə yeni daxil edilən 212.4-cü maddə belədir:
212.4. Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə - əlli manat məbləğində cərimə edilir".
Ə.Hüseynov sözügedən normanı hərfi mənasında təfsir də edib: "Belə çıxır ki, xüsusilə siqaret kötüyünü zibil qutuları və belə tullantıların məhvi və ya atılması üçün xüsusi yerlər istisna olmaqla, istənilən başqa yerdə atan şəxs cərimələnə bilər. Ona görə də adət etdiyiniz kimi harada gəldi, yəni küçədə, parkda, çəmənlikdə, həyətdə, hətta meşədə və s. bu kimi yerlərdə siqaret kötüyünü atmayın".
"Yenə də ən yaxşısı budur ki, siqareti birdəfəlik atın getsin. Nə sağlamlığınızla bağlı, nə də hüquqi probleminiz olsun. Bu zərərli vərdişə xərclədiyiniz pul da cibinizdə qalsın" - deyə hüquqşünas qeyd edib.