HADİSƏ

Masallıda baş vermiş partlayışın təfərrüatı: Şahidlər ilginc iddialar səsləndirirlər

"Dəfələrlə "104" xidmətinə və Masallı Rayon Qaz İstismar İdarəsinə məlumat vermişdik, gəlib baxırdılar "texnikamız yoxdur" deyirdilər"
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 11 dekabr — Sputnik. Masallı rayonunun Sığıncaq kəndi ərazisində Müseyibovlar ailəsinə məxsus fərdi yaşayış evində partlayış baş verməsi haqda xəbər vermişdik. Qeyd etmişdik ki, partlayış yaşayış evinin qarajında qaz sızması nəticəsində baş verib.

Masallıda partlayış baş verib, ölən və yaralananlar var

Sputnik Azərbaycan-ın bölgə müxbiri Sığıncaq kəndinə gedərək, baş vermiş hadisənin təfərrüatlarını öyrənib. Hadisə baş verən kimi köməyə gələn qonşular bildiriblər ki, dəfələrlə aidiyyəti qurumlara ərazidə qaz sızması olması barədə şikayət ediblər.

Qonşu Şahmar Şahəliyev deyib ki, partlayış baş verən evin həyət qapısının önündən keçən yeraltı qaz xəttində 2 aydan çoxdur sızma olub: "Dəfələrlə "104" xidmətinə və Masallı Rayon Qaz İstismar İdarəsinə məlumat vermişdik. Gəlib baxırdılar, deyirdilər ki, "texnikamız yoxdur". Elə hadisə olan gün səhər saatlarında ailə üzvləri tərəfindən "104" xidmətinə zəng edilib ki, qaz sızması var, yenə gəlib baxmayıblar".

"Axşam saat 8-ə qalmışdı, evdə oturmuşdum, birdən partlayış səsi eşitdik. Səsə çıxdıq, gördük ki, qonşunun evi partlayıb. Çox güman, torpaq altındakı borudan sızan qaz yeraltı yollarla evin altına dolub. Nəticədə də partlayış baş verib. Çünki başqa bir şey yoxdur. Evdə qaz sistemi yoxdur, partlayış olan otaqda da kombi qızdırıcıları quraşdırılıb" – deyə Şahəliyev əlavə edib.

Digər qonşu Şahin Şahəliyev də hadisə barəsində danışıb: "İşdən yenicə gəlmişdim ki, partlayışı eşidib qaçdıq buraya. Gəlib gördük ki, uşaqlar, tamamilə yanıblar, şalvarları yanaraq bədənlərinə yapışıb. Demək olar ki, xəstəxanaya özümüz çatdırdıq. Təcili Tibbi Yardım maşını gecikirdi deyə, yolun yarısına kimi özümüz apardıq. Yarı yolda isə uşaqları Təcili Tibbi Yardım maşınına qoyub xəstəxanaya apardıq".

Onun sözlərinə görə, partlayışda Əli və Məhəmməd Müseyibov qardaşları, onların dayısı oğlu Sənan Kərimov yanıblar: "Partlayışdan bir neçə dəqiqə öncə uşaqların anası 2-ci mərtəbədə namaz qılmağa başlayıb. Uşaqlar isə aşağı otağa oynamağa düşüblər. İçəri daxil olanda uşaqlardan biri işığı yandırıb, elə bu an da partlayış olub. Analarının isə əlləri uşaqları otaqdan çıxaranda yanıb".

"Hadisə baş verəndən sonra qaz idarəsindən gəldilər. Yeri əvvəlcə əl ilə qazdılar, gördülər ki, qazmaq mümkün deyil, icra hakimiyyətinə müraciət etdilər. Oradan da ekskavator göndərdilər və borunu təmir etdilər. Yəni partlayış olandan sonra boru təmir olundu" – deyə hadisə şahidi əlavə edib.

Masallı Mərkəzi Rayon Xəstəxanasının həkim-travmatoloqu Faiq Əliyev Sputnik Azərbaycan-a xəstəxanaya daxil olan yaralıların vəziyyəti barədə məlumat verib: "Qaz sızması nəticəsində baş verən partlayışdan sonra xəstəxanamıza Təcili Tibbi Yardım xidməti tərəfindən 3 xəstə gətirilib. Xəstələr II-III dərəcəli şok vəziyyətində olduqlarına görə, onlara şok əleyhinə tədbirlər görülüb. Ağrıkəsicilər vurulub, yaraları sarıldıqdan sonra xəstələr Bakı şəhərindəki Yanıq Mərkəzinə göndərilib".

"Qeyd edim ki, xəstələrin hər biri ayrı-ayrılıqda Təcili Tibbi Yardım xidmətinin avtomobilində, reanimatoloq həkimlərin müşayiəti ilə Yanıq Mərkəzinə aparılıb" – deyə F.Əliyev əlavə edib.

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi İbrahim Kərbəlayev Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib ki, aidiyyəti qurumlar bu məsələ ilə bağlı məşğul olur: "Araşdırmanın sonunda nəticə barədə məlumat veriləcək".

Nazirlik yanacaqdoldurma məntəqəsinin partlaması ilə bağlı açıqlama yaydı

Qurum rəsmisi kənd sakinlərinin qaz sızması ilə bağlı dəfələrlə "104" qaz-qəza xidmətinə və Masallı Qaz İstismar İdarəsinə zəng edərək şikayət etdikləri iddiasına da münasibət bildirib: "Hazırda faktla bağla aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Əgər deyilən faktlar öz sübutunu taparsa, təbii ki, işinə məsuliyyətsiz yanaşan əməkdaş və yaxud əməkdaşlar öz cəzasını alacaqlar".

Qeyd edək ki, Sputnik Azərbaycan-ın bölgə müxbiri hadisə yerində olarkən, əraziyə gələn mütəxəssislər evin altında hələ də qaz olduğunu aşkar ediblər.

Xatırladaq ki, partlayış nəticəsində Əli və Məhəmməd Müseyibov qardaşları, onların dayısı oğlu Sənan Kərimov ağır yanıq xəsarətləri alıblar. Əli Müseyibov xəstəxanada dünyasını dəyişib. Digər yaralıların vəziyyəti isə ağır olaraq qalır və onların müalicəsi davam etdirilir.