Azərbaycandan Paşinyanın qələbəsinə münasibət

"Ermənistanda "Seçsəniz də, seçməsəniz də baş nazir özüm olacam" prinsipi ilə hərəkət edildi"
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

Bakı, 10 dekabr - Sputnik. “Ermənistanda keçirilən seçki barədə məlumatlar ilk olaraq, Ermənistan vətəndaşları və mətbuat tərəfindən söylənilir. Bizim söylədiklərimiz də bir növ onların təkrarıdır". Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. 

Paşinyan böyük üstünlüklə qalib gəldi

Vitse-spiker qeyd edib ki, Ermənistanda seçki adına oyun oynanıldı. Bu seçkinin əvvəlcədən istənilən nəticəni verməsi üçün bütün addımlar atıldı, buna mane ola biləcək şəxslər, dairələr, təşkilatlar sıradan çıxarıldı, vətəndaşlar kifayət qədər qorxuduldu: "Ermənistanda "Seçsəniz də, seçməsəniz də baş nazir özüm olacam" prinsipi ilə hərəkət edildi və nəticə də  ortadadır. Buna görə də əvvəlcədən bəlli bir nəticə sadəcə təsdiq etdirilməli idi”.

“Düşünürəm ki, Ermənistan vətəndaşlarının bu məsələyə münasibəti ortadadır və onlar özləri qərar verməlidirlər ki, bu seçkinin nəticələrini təsdiq etdirməklə, onun nəticəsində özünü legitimləşdirilən bir siyasi şoumenlərin rəhbərliyi altında yaşamaq, işləmək istəyirlərsə, bu, onların daxili həyatlarıdır. Amma hər halda regionda baş verən hadisə kimi bu, bizi də narahat edir və maraqlandırır" – deyə B.Muradova əlavə edib.

Milli Məclis sədrinin müavini vurğulayıb ki, Ermənistanda keçirilən seçki barədə  dünyanın müxtəlif mərkəzləri, seçkilərin nəticələrini dəyərləndirən beynəlxalq təşkilatlar, o cümlədən ATƏT obyektiv mövqe ortaya qoymalıdır. Seçki günü müxtəlif təzyiq və təhdid edən çağırışların edilməsi ilə keçirilən seçkilərə öz obyektiv münasibətlərini münasibət bildirməlidir.

Onun sözlərinə görə, bir çox ekspertlərin söylədiyi kimi, seçkilərdən sonra Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi həlledici dəyişikliklərə imza atılacağı qənaətində deyil: “Çünki elə seçkiqabağı da Dağlıq Qarabağda Ermənistan vətəndaşlarının xidmət etməsi və necə xidmət etməsi ilə bağlı səsləndirilən fikirlər, Paşinyanın özünün açıqlamaları və s. bunların seçkiyə hesablandığını göstərirdi”.