GİZ tərəfindən jurnalistlərə daha bir təlim-seminar keçirilib

"Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşma” regional proqramı çərçivəsində baş tutan təlim iki gün davam edib
Sputnik

BAKI, 10 dekabr - Sputnik. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən KİV nümayəndələrinə Şəhərsalma və Tikinti Məcəlləsinin tətbiqi məsələləri, Azərbaycanda İnzibati hüquq mövzusunda seminar-təlim keçirilib. "Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşma” regional proqramı çərçivəsində baş tutan təlim iki gün davam edib. 

GİZ tərəfindən jurnalistlərə daha bir təlim-seminar keçirilib

Təlimi giriş sözü ilə GİZ-in nümayəndəsi Şakir Səfərbəyov açıb. O, təlim iştirakçılarına seminarın məqsədi və əhəmiyyəti barədə məlumat verib. Qeyd edib ki, təmsil etdiyi təşkilat jurnalistlər üçün hər zaman aktual olan mövzularda təlimlər keçirməyə çalışır. Gələcəkdə də media nümayəndələrini maraqlandıran mövzularda təlim-seminarlar davam etdiriləcək. 

Sonra seminarın təlimçisi, Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov təlimə başlayıb. Təlim-seminar çərçivəsində media nümayəndələrinə Şəhərsalma və Tikinti Məcəlləsinin məqsədi, təyinatı, əsas anlayışları, tikinti fəaliyyəti və onun subyektləri, tikinti obyektlərinə və tikinti materiallarına dair tələblər, tikintiyə icazə üzrə icraat, tikintiyə dövlət nəzarəti, inzibati hüququn əsasları, inzibati icraatın gedişatı, inzibati orqanın yardım vəzifəsi və s. barədə ətraflı məlumat verilib.

GİZ tərəfindən jurnalistlərə daha bir təlim-seminar keçirilib

Həmçinin təlimçi ilə jurnalistlər arasında qarşılıqlı fikir mübadiləsi aparılıb. KİV nümayəndələrinin təlim-seminarı əhatə edən mövzu ilə bağlı sualları cavablandırılıb.

Qeyd edək ki, ölkənin bir sıra aparıcı media qurumlarının nümayəndələrinin iştirak etdiyi təlim-seminar Şabran rayonunda keçirilib. Təlimə Sputnik Azərbaycan-ın əməkdaşı da qatılıb.