CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətəndaşlara birdəfəlik ödəmələrlə bağlı narazılıqlara aydınlıq gətirildi

"Birinci icra orqanları bu qanuna əsaslanaraq, fərmandan irəli gələn vəzifləri yerinə yetirməkdədirlər"
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 10 dekabr — Sputnik. Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş və hərbi əməliyyatlarlarda xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinin, Prezidentin müvafiq fərmanı ilə müəyyən edilmiş 11 min manat məbləğində birdəfəlik ödəmənin onlara ödənilməməsi iddiası ilə parlament qarşısına toplaşaraq narazılıqlarını bildirməsinə Milli Məclis sədrinin müavini Bahar Muradova münasibət bildirib. 

Vitse-spiker: "Azərbaycanda siyasi məhbus yoxdur"

Sputnik Azərbaycan xəbər verir ki, B.Muradova bu prosesin qanunauyğun şəkildə aparıldığını vurğulayıb: "Cənab Prezidentin bu məsələ ilə bağlı müvafiq fərmanı var. Bu qanun Milli Məclis tərəfindən qəbul olunub və qanunda bütün aspektlər göstərilib".

"Birinci icra orqanları bu qanuna əsaslanaraq, fərmandan irəli gələn vəzifələri yerinə yetirməkdədirlər. Tək-tək hallara gəldikdə isə biz buna dəfələrlə münasibət bildirmişik. Parlamentin hansısa qanuna dəyişiklik etməsinə ehtiyac yoxdur" - deyə vitse-spiker vurğulayıb.

O, əlavə edib ki, bu baxımdan ayrı-ayrı şəxslərin məsələləri fərdi şəkildə araşdırılmalıdır. Lazım gəldikdə müvafiq icra və məhkəmə orqanları vasitəsi ilə ədalət bərpa olunmalıdır.

"Mən birmənalı olaraq, bu şəxslərin haqlı və ya haqsız olduğunu söyləyə bilmərəm. Bunu bu işə cavabdeh olan icra və məhkəmə orqanları müəyyənləşdirməlidirlər" - Muradova diqqətə çatdırıb.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2018-ci il 19 aprel tarixli "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" fərmanına əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarlarda xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu fərmanla müəyyənləşdirilmiş qaydada 11 min manat məbləğində birdəfəlik ödəmə verilir.