Nigar Məhərrəm, Sputnik Azərbaycan.
BAKI, 9 dekabr — Sputnik. İsveçin tanınmış gənc rəssamı, 22 yaşlı Simon Arnzın Bakıda sərgisi nümayiş olunub. Simon Arnz və sərginin baş tutmasında əsas rol oynayan İsveç səfirliyinin Azərbaycandakı Müvəqqəti İşlər Vəkili Kristian Kamelli Sputnik-Azərbaycan-a öz təəssüratlarını bölüşüblər.
Yeddi yaşından etibarən kağız üzərində cızma-qara edən, zamanla isə bu sənətdə adını doğruldan Siman Arnz daha çox avstriyalı rəssamların sənət əsərlərindən bəhrələnib.
Onun sözlərinə görə, rəssamlığın bu janrı, yəni "Spandan Realizm" digərləri ilə müqayisədə daha asandır: "Bu əsərləri çəkmək və onu anlamaq digər janrlarla müqayisədə heç də mürəkkəb deyil. Bəzən hansısa bir əsəri yaratmaq üçün sadəcə 5 dəqiqə zaman sərf edirəm. Bu janrda müxtəlif rənglərin harmonik rəqsini görə bilərik. Həm də digər janrlardan fərqli olaraq, bu janr daha çox əyləncəli və maraqlıdır".
Rəssam rənglərlə işləməkdən böyük zövq aldığını deyib: "Ümumiyyətlə, rənglər üzərində eksperiment aparmağı çox sevirəm. Bəzən bu rənglərin harmonik rəqsi ilə çəkdiyim əsərlərə bir də peşəkar rəssam gözü ilə baxmağa çalışıram. Məncə ki, bu rəsm əsərlərinə baxmaq digərləri ilə müqayisədə insanı daha çox düşünməyə vadar edir".
Daha çox mücərrəd janrda çəkməyi sevən Simon Arnz Azərbaycanda sərgisinin açılmasından da söz açıb: "Əslində, bu sərginin Azərbaycanda təşkili ilə bağlı öncədən bir planım olmayıb. Sadəcə olaraq Kristian Kamelli mənə belə bir təklif verdi. O səbəbdən Bakıdakı bu sərgi də mənim üçün gözlənilməz oldu".
Gənc rəssam həmçinin iki ölkə arasında olan bənzərlikdən də danışıb: "Azərbaycan kimi İsveçdə də rəsm əsərlərinə maraq bir o qədər yüksək səviyyədə deyil. Sizin kimi bizdə də belə bir satışdan pul qazanmaq çox çətindir. İsveçdəki bir çox məşhur rəssamlar daha çox satdıqları əsərlərlə deyil, pedaqoq kimi fəaliyyət göstərməklə pul qazanırlar".
"Əsərlərimi Azərbaycanda satmaqla bağlı bir planım olmayıb. Lakin almaq istəyənlərə heç bir etiraz etmərəm. Düşünürəm ki, satış qiymətlərim də bir o qədər yüksək deyil. Bu əsərlərimin qiyməti, təxminən, 1500-9000 kron (340-1700 manat – red.) arasında dəyişilir" – deyə rəssam bildirib.
O Bakı ilə bağlı təəssüratlarını da bölüşüb. Deyib ki, paytaxtımız ona fərqli təsir bağışlayır. İlk baxışdan Avropaya bənzəsə də, amma Avropada olduğu kimi bir təəssürat yaratmır.
İsveç səfirliyinin rəsmisi Kristian Kamelli Simon Arnzın ölkəmizdə sərgisinin təşkil olunması ilə bağlı bunları deyib: "Azərbaycan dünyada öz mədəniyyəti ilə tanınan ölkələrdən biridir. Bir müddət öncə İsveçdə olduqda Simon Arnzla tanış oldum və belə qərara gəldim ki, mədəniyyəti ilə tanınan bir ölkədə maraqlı sərgi təşkil edək. Simonun əsərləri məndə böyük maraq yaradıb. Bu gün də belə bir görüşün təşkil olunmasına görə qürur hissi keçirirəm. Təşkil olunan bu sərgi kommersiya məqsədi daşımadığı üçün hər kəs bura gələrək Simonun yaratdığı əsərləri izləyə bilər".
Səfirliyin nümayəndəsi rəsm çəkə bilməsə də, rəssamlığa böyük maraq və sevgisinin olduğunu da bildirib: "İncəsənət, o cümlədən də rəssamlıq həyatımın ayrılmaz hissəsidir. Babam müxtəlif rəssamların əsərlərini yığıb saxlayırdı. Məndə də elə uşaq yaşlarından rəssamlığa sevgi oyandı. Babam məni tez-tez müxtəlif qalereyalara, incəsənətlə bağlı təşkil olunan tədbirlərə aparardı. Mən isə indi olduğu kimi elə o zaman da rəsm əsərlərinə baxmaqdan böyük zövq alırdım".