CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vaşinqtonda Azərbaycan Parlamentinin 100 illiyi qeyd edilib - FOTOLAR

Qonaqlara "Əbədi Ezamiyyət" filmi nümayiş etdirilib
Sputnik

BAKI, 8 dekabr — Sputnik. ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşən Hərbi Dəniz Qüvvələri Mərkəzində Azərbaycan Parlamentinin 100-ci ildönümü ilə əlaqədar ziyafət təşkil edilib və bu münasibətlə "Əbədi Ezamiyyət" sənədli filminin təqdimatı keçirilib.

Bir millət, Bir torpaq, Bir bayraq və Bir Cümhuriyyət!

Azərbaycanın ABŞ-dakı səfirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ziyafətdə və Azərbaycan diasporunun nümayəndələri, ABŞ-ın dövlət qurumlarını, Vaşinqtondakı diplomatik korpusu təmsil edən 250-dən çox şəxs iştirak edib. Ziyafət Azərbaycanın ABŞ-dakı Səfirliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər çərçivəsində keçirilib.

Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman şərqində ilk demokratik respublika olduğunu, həmin respublikanın bir çox sahələrdə, o cümlədən diplomatik sahədə uğurlar əldə etdiyini xatırladıb. Bu xüsusda, AXC Parlamentinin sədri, böyük ziyalı Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinin Paris Sülh Konfransında fəaliyyətindən danışan səfir çətin şəraitə rəğmən Azərbaycanın de-fakto müstəqilliyinin Müttəfiq dövlətlərin Şurası tərəfindən tanınmasına nail olduğunu vurğulayıb.

Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin uğurları barədə danışan səfir 29 may 1919-cu ildə həmin heyətin ABŞ prezidenti V.Vilsonun görüşdüyünü və sonradan V.Vilsonun onlar barədə çox yüksək fikirlər söylədiyini xatırladıb, Ə.Topçubaşov və digər heyət üzvlərinin Azərbaycanın müstəqilliyi naminə həyatlarının sonunadək çalışdıqlarını bildirib.

Səfir qeyd edib ki, Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra Fransaya ilk dəfə rəsmi səfərə gedən Ümummilli lider Heydər Əliyev Ə.Topçubaşov və digərlərinin məzarını ziyarət edib, onların məzarlarının abadlaşdırılmasına xüsusi diqqət ayırıb və hazırda da dövlətimiz Azərbaycan uğrunda həyatlarının sonunadək çalışmış bu dövlət xadimlərinin xatirəsini uca tutur. Səfir vurğulayıb ki, Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev Azərbaycanın müstəqil dövlətçilik ideallarını layiqincə yaşatmaqdadır.

Səfir həmçinin qeyd etdi ki, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra onun ABŞ tərəfindən tanınması və diplomatik münasibətlər qurması bu günlərdə vəfat etmiş ABŞ-ın 41-ci prezidenti Corc Herbert Buşun rəhbərliyi dövründə baş verib.

Sənədli filmin ərsəyə gətirən bütün heyətə təşəkkürünü bildirən səfir əsərin baş prodüseri Arzu Əliyevaya, filmi hazırlayan Bakı Media Mərkəzinə və göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna və onun rəhbəri Mehriban Əliyevaya öz xüsusi minnətdarlığını ifadə etdi.

Cümhuriyyət ilinin loqotipi hazırlanıb

Daha sonra ABŞ Konqresində beynəlxalq konfransda iştirak üçün Vaşinqtonda səfərdə olan Azərbaycan Milli Məclisinin üzvü, Beynəlxalq münasibətlər və parlamentlərarası komitəsinin sədri və Azərbaycan-ABŞ Dostluq Qrupunun rəhbəri Səməd Seyidov çıxış edib. O, hər bir xalq kimi Azərbaycan xalqının da arzularının olduğunu və müstəqil dövlət qurmaqla bir arzuların bir qisminə nail olunduğunu bildirib. Azərbaycanın müstəqil inkişaf yolu ilə getdiyini söyləyən S.Seyidov Azərbaycan-ABŞ münasibətlərinin vacibliyinə toxunub, bu iki ölkə arasında mövcud strateji tərəfdaşlığın əhəmiyyətini qeyd edib. O, Milli Məclisin üzvü olaraq Azərbaycan Parlamentinin 100-cü ildönümünü ABŞ-da qeyd etdiyini fəxrlə vurğulayıb.

Bundan sonra qonaqlara "Əbədi Ezamiyyət" filmi nümayiş etdirilib.