CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şimal-Qərb bölgəsində möhtəşəm kampaniya

Ümumilikdə 110 hektar ərazidə ağac əkini nəzərdə tutulub
Sputnik

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 8 dekabr — Sputnik. Turizm potensialı yüksək olan Oğuz və Qəbələ rayonları həm də sıx meşələrin çoxluğu ilə seçilir. Hər iki rayonu əhatə edən Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzində meşələrin yenidən bərpa olunması istiqamətində də tədbirlər davam etdirilir.

Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktor müavini, baş meşəbəyi İlqar Cəlilov Sputnik Azərbaycan-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, rayonlarda meşəsalma və yeni qərzəkli ağacların artırılması istiqamətində işlər həyata keçirilir: "Hazırda bölgələrdə kütləvi şəkildə meyvə ağacların, eləcə də qərzəkli növlərin ilk dəfə olaraq əkini aparılır. Bu məqsədlə Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzində, ümumilikdə 110 hektar ərazidə ağac əkini nəzərdə tutulub".

"İşlər Oğuz rayonun Xaçmaz kənd meşə ərazisində də həyata keçirilir. Ərazidə 2 hektar sahədə tinglik əkin aparılıb. Bunlar, əsasən, şabalıd, qoz, alma və armud ağaclarının toxumlarıdır. Həmçinin hazırda rayonda fındıq tingləri də əkilir. Bu il ərzində geniş zolaqlı aqro bağların salınması işlərinin davam olması nəzərdə tutulub. Yeni qərzəkli bitkilərin köməyi ilə meşə sahələri də genişləndiriləcək" – deyə qurum rəsmisi əlavə edib.

Onun sözlərinə görə, meşə əkini ilə yanaşı, qanunsuz olaraq meşə qırılmasının qarşısını almaq məqsədi ilə də işlər aparılır: "Son zamanlar məhz şimal-qərb regionunda meşələrin qorunması və qanunsuz olaraq qırılması faktının aşağı salınması məqsədi ilə meşə və dağətəyi ərazilərə girişi məhdudlaşdırmaq üçün şlaqbaumlar quraşdırılır. Qəbələ və Oğuz rayonlarında, ümumilikdə 16 ədəd şlaqbaum quraşdırılıb".

"Bu da meşələrə insanların icazəsiz girişinin qarşısının alınmasına, nəzarət işinin gücləndirilməsinə kömək edəcək" – meşəbəyi vurğulayıb.