Fransa paytaxtına zirehli texnika yeridildi

Hazırda Fransada "sarı jiletli"lərin etiraz aksiyası keçirilir
Sputnik

BAKI, 8 dekabr — Sputnik. Hökumət əleyhinə etiraz aksiyalarının davam etdiyi Parisə ağır texnika yeridilib. Bu barədə Sputnik Azərbaycan "The Guardian" nəşrinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, şəhərdə 8 minə yaxın polis əməkdaşı səfərbər olunub. Qeyd olunur ki, hüquq mühafizə orqanları əməkdaşları Parisin mərkəzi küçələrini blokadaya alıb.

Paris mötəbər tədbiri keçirməyə namizədlikdən imtina edib

Ən son məlumatlara görə, 575 nəfər saxlanılıb və dindirilib, onlardan 361-i həbs olunub.

Hazırda Fransada "sarı jiletli"lərin etiraz aksiyası keçirilir.

Qeyd edək ki, daha əvvəl Fransa rəhbərliyi ölkəni bürüyən etirazlar fonunda yanacağa tətbiq olunan vergi rüsumlarına altı aylıq moratorium tətbiq edib. "Zorakılıq dayanmalıdır. Biz respublikanın prezidenti Emmanuel Makron ilə birgə yanvarın 1-dən qüvvəyə minməli olan üç vergi qanunu barədə bu qərarı verdik. Məsləhətləşmələrdən sonra mən qüvvəyə minməli olan bu üç vergi qanunu 6 ay müddətinə dondururam. Qərarlar bütün tərəflərlə müzakirələr aparılmadan qəbul edilməyəcək" - deyə Fransanın baş naziri Eduard Filipp bildirib. Onun sözlərinə görə, heç bir vergi xalqın birliyini təhdid altına ata bilməz.

Xatırladaq ki, Fransanın paytaxtı Parisdə dekabrın 1-də keçirilmiş "sarı jiletlilər" hərəkatının etiraz aksiyaları nəticəsində dəymiş zərər ilkin qiymətləndirmələrə görə 3 milyon avrodan çox olub. Küçə iğtişaşlarına çevrilmiş etirazlar nəticəsində 133 nəfər yaralanıb, onlardan 23-ü polisdir.