RUSİYA

Ərdoğan Poroşenkonun xahişini Putinə çatdırdı

Tərəflər baş verən hadisədə bir-birini ittiham edir
Sputnik

 

BAKI, 7 dekabr — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putindən Qara dənizdə, Kerç boğazında saxlanılan ukraynalı dənizçiləri sərbəst buraxmasını xahiş edib.

Sputnik Azərbaycan "Hürriyet"-ə istinadən xəbər verir ki, bu barədə Ərdoğan jurnalistlərə açıqlamasında bildirilib.

"Hadisədən sonra mən hər iki tərəflə, prezidentlər Putin, sonra Poroşenko ilə telefonla danışdım, daha sonra isə biz bu məsələni Rusiya prezidenti ilə Argentinada ("G20" sammitində) müzakirə etdik. Dənizçilərin azad edilməsi barədə Poroşenkonun istəklərini Putinə çatdırdım. Ondan xahiş etdim. Hadisələrin inkişafını gözləyəcəyik və ümid edirəm ki, onlar bu xahişi müsbət qarşılayacaqlar. Bildiyim qədər ilə, indi hadisə ilə bağlı araşdırılma aparılır. Araşdırmadan sonra onlarda qərar qəbul edəcəklər. Biz bu cür hallarda yalnız xahiş edə bilərik", – deyə Ərdoğan bəyan edib.

Xatırladaq ki, noyabrın 25-də Kerç boğazı yaxınlığında Ukrayna və Rusiya gəmilərinin iştirakı ilə insident yaşanıb. Belə ki, boğazı keçməyə cəhd edən Ukrayna gəmiləri Rusiya dənizçilərinin dayanma tələbinə məhəl qoymayıblar. Bu zaman gəmilərdən biri taran edilib, onların saxlanılması üçün silahdan istifadə olunub. İnsident nəticəsində "Berdyansk", "Nikopol" və "Yanı Kapu" gəmiləri Krımda saxlanılıb.

Hadisə zamanı 3 ukraynalı hərbçi yaralanıb. Onlara tibbi yardım göstərilib. Qeyd edilir ki, yaralıların həyatı üçün təhlükə yoxdur.

Tərəflər baş verən hadisədə bir-birini ittiham edir. Ukrayna tərəfi gəmilərin keçidi barədə Rusiyaya öncədən xəbərdarlıq edildiyini və dəniz gəmiçiliyi barədə bütün beynəlxalq normalara uyğun addımlar atıldığını iddia edir. Öz növbəsində Rusiya tərəfi Ukraynanı bilərəkdən provokasiya yaratmaqda, beynəlxalq qanunları pozmaqda və Rusiyanın ərazi sularına icazəsiz daxil olmaqda ittiham edir.