“Qloballaşan dünya və Azərbaycan dili” mövzusunda konfrans keçirilib

Xalq artisti bəyan edib ki, Azərbaycan dilinə sayğısızlıq göstərən hər bir şəxs sərt şəkildə qınanmalıdır
Sputnik

BAKI, 7 dekabr - Sputnik. Azərbaycanda Atatürk Mərkəzində “Hilal” Sosial Araşdırmalar İctimai Birliyi, “Müasir İnkişaf” İctimai Birliyi, “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Qloballaşan dünya və Azərbaycan dili” mövzusunda konfrans keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, tədbirin aparıcısı, “Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov rəhbərlik etdiyi qurumun gördüyü işlərdən bəhs edib.

O, Azərbaycan dilini qorumağın vacibliyindən, dövlət qurumlarının bu sahədə gördükləri işlərdən danışıb. A.Abdulkərimov prezident İlham Əliyevin Azərbaycan dili ilə bağlı imzaladığı Fərmanın əhəmiyyətini xüsusi qeyd edib.

Prezident Admnistrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Vüqar Səlimov bildirib ki, Azərbaycan dili xalqımızın milli-mənəvi sərvətidir. Dövlətin daim bu sahəyə diqqət ayırdığını qeyd edən PA rəsmisi Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı Sərəncam və Fərmanları xatırladıb. Texnoloji inkişafın dünyadakı dillərə, o cümlədən Azərbaycan dilinin inkişafına da təsir göstərdiyini deyən V.Səlimov müxtəlif qurumların, həmçinin QHT-lərin bu istiqamətdə çalışamlarını müsbət qiymətləndirib.

“Qloballaşan dünya və Azərbaycan dili” mövzusunda konfrans keçirilib

“Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü ölkədə bu sahədə kifayət qədər aktiv müzakirələrin olmasını yüksək qiymətləndirib. O, qloballaşan dünyada Azərbaycan dilinin inkişafı və qorunması istiqamətində daha çox çalışamalr həyata keçirməyin vacibliyindən danışıb. M.Göyüşlü QHT-lər olaraq ictimai müzakirələrin, tədbirlərin keçirilməsinin bu sahəyə müsbət təsir edə biləcəyini açıqlayıb.

“Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev bildirib ki, hər bir Azərbaycan vətəndaşı dövlət dilinin qorunmasında və inkişafında maraqlı olmalı, bu istiqamətdə öz töhfəsini verməlidir.

Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik, millət vəkili Nizami Cəfərov qloballaşma dövründə Azərbaycan dilinin təzyiqlərlə qarşılaşdığını bildirib. Onun sözlərinə görə Azərbaycan vətəndaşları və dünya azərbaycanlıları vasitəsilə Azərbaycan dili dünyada yavaş-yavaş da olsa yayılmaqdadır. N.Cəfərovun sözlərinə görə KİV-də, elektron resurslarda, reklam lövhələrində dilin qayda-qanunları tez-tez pozulur. Akademik şifahi nitq zamanı dilin daha çox pozuntulara məruz qaldığını qeyd edib. “Hesab edirəm ki, dilçilərin üzərinə böyük işlər düşür. Onlar orfoqrafiya, orfoepiya, qrammatika kitabları çap etməli və bunlar orta məktəblərdə ciddi şəkildə öyrədilməlidir” – deyən N.Cəfərov bildirib.

AMEA Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, dil dövlətin atributudur və hər bir vətəndaş onu qorumalıdır: “Dilə sevgi ailədən və uşaqlıqdan başlayır”. Azərbaycan televiya kanallarındakı yanlışlıqları əks etdirən kitabdan bəhs edən M.Nağısoylu fonetik pozuntuların daha çox olduğunu deyərək nümunələr səsləndirib. M.Nağısoylu dilimizin tarixinin qədimliyindən söz açıb: “Dilimizdə bu qədər gözəl sözlər varkən niyə alınma sözlərdən istifadə etməliyik?”

“Qloballaşan dünya və Azərbaycan dili” mövzusunda konfrans keçirilib

Xalq artisti Nurəddin Mehdixanlı millətin ruhu olan dili qorumağın vacibliyindən bəhs edib. N.Mehdixanlı 27 ildir müstəqilliyini qazanmış Azərbaycanda himnin, bayrağın, gerbin, Azərbaycan dilində danışmağın müzakirəyə çıxarılmasını sərt şəkildə tənqid edib. “Qloballaşan dünyada Azərbaycan dili olmayacaqsa o dünya mənə lazım deyil” - deyən Xalq artisti bəyan edib ki, Azərbaycan dilinə sayğısızlıq göstərən hər bir şəxs sərt şəkildə qınanmalıdır. Millət vəkili Gövhər Baxşəliyevanın dillə bağlı fikirlərini müdafiə edən N.Mehdixanlı digər dilləri öyrənməklə yanaşı dövlət dilini bilməyin vacib olduğunu bəyan edib.

İTV-nin Yayım Şurasının, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət reklam lövhələrində dilimizə olan yabançı münasibətdən, gənc nəslin soyadlarının milliləşdirilməsindəki problemlərdən söz açıb. O, müğənnilərin aparıcılığının Azərbaycan dilinə ziyanlarından bəhs edib. “Hesab edirəm ki, dövlət dilində danışmağı müzakirəyə çıxaranlar aşağılıq kompleksindən əziyyət çəkənlərdir” – deyən A.Həsrət bildirib ki, xarici dil öyrənmək vacibdir, ancaq bunu dövlət dili üçün ayrılmış dərs saatlarının hesabına etmək olmaz.

ADPU-nun şöbə müdiri, dosent Yusif Əfşar bildirib ki, təmsil etdiyi ali məktəbdə Azərbaycan dili sahəsində çox böyük mütəxəssislər var. O, deyib ki, dilini qoruyan əxlaqını, mənəviyyatını qorumuş olur. Təhsil Nazirliyinin bu məsələyə həssaslıqla yanaşdığını söyləyən Y.Əfşar qeyd edib ki, bu sahədə işlərin görülməsi üçün ali məktəblərə tapşırıqlar verilib.

“Qloballaşan dünya və Azərbaycan dili” mövzusunda konfrans keçirilib

Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov Azərbaycanda təhsil alan xarici tələbələrin əksəriyyətinin Azərbaycan dilini öyrənmədən geri qayıtdığını təəssüflə vurğulayıb.

Qeyd edək ki, "Birlik" jurnalının baş redaktoru İlqar İlkinin, "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri Aqil Camalın, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının əməkdaşı Fuad Həsənovun, Dünya Alpaqut Federasiyasının vitse-prezidenti Araz Abdullasoyun, Edumap.az saytının baş redaktoru Rasim Abdurəhmanın, "Mübariz Gənclər" İctimai Birliyinin təsisçiləri Orxan Vəliyevin, Azər Zahidovun, Gənc Vətənpərvərlər Birliyinin sədri Muğan Əliyevin, ADPU Filologiya fakültəsinin tələbələrinin də iştirak etdiyi tədbirin sonunda belə müzakirələrin müntəzəm şəkildə keçirilməsi qərarlaşdırılıb.