SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Gələn ay Azərbaycan və Avropa İttifaqı arasında danışıqlar aparılacaq – Aİ rəsmisi

Avropa İttifaqı ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların növbəti mərhələsi 2019-cu ilin yanvar ayında Brüsseldə baş tutacaq
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 7 dekabr — Sputnik. "Bu həftə Bakıya Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətinin Avropa və Mərkəzi Asiya üzrə icraçı direktorunun müavini Luk Devin başçılıq etdiyi 13 nəfərdən ibarət nümayəndə heyəti danışıqlar aparmaq üçün səfər etmişdi. Danışıqlar iki istiqamət siyasi və ticari əlaqələr üzrə aparıldı".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin səfiri Kestutis Yankauskas bildirib.

Onun sözlərinə görə, nümayəndə heyəti əməkdaşlıq barədə gələcək perspektivlərə toxunub: "Bu, bizim danışıqlara ciddi yanaşdığımızın göstəricisidir. Çünki, birinci dəfədir ki, bu cür geniş bir nümayəndə heyəti Bakıya gəlmişdi. Ticarət sahəsində isə dərin və geniş iki günlük müzakirələrimiz olub. Bir çox məsələlərlə üzrə razılaşmalar əldə olunub. Biz bu əlaqələri davam etdirmək barədə razılaşma əldə etmişik. Avropa İttifaqı ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların növbəti mərhələsi 2019-cu ilin yanvar ayında Brüsseldə baş tutacaq. Hazırda bununla bağlı tərəflər arasında danışıqlar aparılır. Bura həmçinin siyasi və təhlükəsizlik məsələləri də daxildir".