CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Lifttəmir" İstehsalat Birliyinin rəisi: "Tariflərin artırılması məsələsi gündəmdə deyil"

Xalid Ələkbərov: "Bizim liftlərə müşahidə kamerası quraşdırmaq səlahiyyətimiz yoxdur"
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 6 dekabr — Sputnik. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) "Lifttəmir" İstehsalat Birliyi binaların lift təsərrüfatlarının yenilənməsinə başlayacaq. Belə ki, artıq ölkə başçısının paytaxtın lift təsərrüfatının yenilənməsi istiqamətində verdiyi tapşırıqlarının icrası ilə bağlı yeni layihə hazırlanıb, maliyyə vəsaiti ayrılıb və tədbirlər gələn ilin fevral-mart aylarında reallaşacaq.

Liftdə dəhşətli ölümlə bağlı İdarə Heyətinin sədri həbs edildi

Sputnik Azərbaycan lift təsərrüfatlarının yenilənməsi və qarşıda duran məsələlərlə bağlı "Lifttəmir" İstehsalat Birliyinin rəisi Xalid Ələkbərovla həmsöhbət olub.

- Xalid müəllim, ötən həftə BŞİH-in keçirdiyi müşavirədə lift təsərrüfatlarının yenilənməsi məsələsinə toxunulub. Yenilənmə işləri nə zaman başlayacaq?

- Bəli, lift təsərrüfatının yenilənməsi işləri planlaşdırılır. Lift təsərrüfatı hissə-hissə yenilənəcək. Bizim təsərrüfatda 5289 lift var. Onlardan 1200-ü dəyişdirilib. Ayrılan vəsait hesabına yenə də bu il 1000-1200 lift dəyişdiriləcək. Bu, liftlərin dəyərindən asılıdır. Liftləri alacağımız şirkətin qarşısında qoyduğumuz şərtlər odur ki, parametrlər uyğun gəlsin, müasir texnologiyanın tələblərinə cavab versin, şaxtalara uyğun olsun, 5 qapılı, həmçinin 9 və 16 mərtəbəli binalar üçün müxtəlif olsun. Hazırda Avropa şirkətləri ilə danışıqlar aparırıq.

- Başqa nə kimi yeniliklər olacaq?

- Təbii ki, biz çalışırıq, xidməti də müasirləşdirək, yeni nəfəs gətirək. Müasir dispetçer xidməti, iş yerləri yaradaq. Nərimanov, Suraxanı, Nizami və Nəsimi rayonlarında mövcud iş yerlərinin bərpası ilə məşğuluq. Bazanın təmirinə başlanılıb. Bütün liftlər istifadəyə tam yararsız vəziyyətdə deyil, onlarda işlək mexanizmlər var ki, o hissələri dəyişib, yenidən istismara vermək mümkündür.

- Konkret olaraq işlərə nə zaman start veriləcək?

- Paytaxtda lift təsərrüfatının yenilənməsi ilə bağlı verilən tapşırığın icrası olaraq, Maliyyə Nazirliyi tərəfindən vəsait ayrılacaq. Bundan ötrü Nazirlər Kabinetinin də müvafiq qərarı olmalıdır. Hesab edirəm ki, bu işlərə 2019-cu ilin əvvəlində başlanacaq. Ondan sonra bizə iki ay vaxt lazımdır ki, işə başlayaq. Fikrimcə, aprel ayında yeniləmə işlərinə başlayacağıq.

"Lifttəmir" İstehsalat Birliyinin rəisi: "Tariflərin artırılması məsələsi gündəmdə deyil"

- Yeniliklər nə qədər zaman alar və işçi qüvvəsi kifayət edəcəkmi?

- İnanıram ki, buna bizim qüvvəmiz çatacaq. Lift təsərrüfatında çalışan işçilərin qüvvəsinə güvənirəm. Çünki bu iki ay ərzində onlarla görüşmüşəm. Heç də hər şey sosial şəbəkələrdə və KİV-lərdə danışılanlar kimi deyil. Burada işini sevən, zəhmətkeş insanlar çalışır ki, uzun illərdir lift təsərrüfatındadırlar. Düzdür, hər bir yerdə bəzi səhlənkar işçilər olur. Ancaq mən xidmət sahələrini gəzirəm və gördüklərimə əsasən, deyə bilirəm ki, işçi qüvvəmiz bacarıqlıdır. Şəhər başçısının tapşırığına əsasən, çalışacağıq ki, idarənin imicini qaldıraq. Bunun üçün isə, sadəcə işləmək, işimizlə özümüzü doğrultmaq lazımdır.

- Etiraf edək ki, bir çox binalarda hələ də istismar müddətini bitirmiş liftlərdən istifadə olunur...

- Bəli, bizim lift təsərrüfatı çox yaşlıdır. Liftlərin istismar müddəti 25 ilə bitir, amma bizdə liftlər var ki, 40-45 ildir işləyir. Bu da işçilərin əməyi sayəsindədir. Biz bu təsərrüfatı dəyişməliyik. Əvvəlcə köhnələri yeniləməliyik. Bu, hamımızın rahatlığına xidmət edəcək.

- Qeyd etdiniz ki, yeni dispetçer xidməti yaradılır. Bu barədə ətraflı məlumat verərdiniz.

- Dispetçer xidmətinin yaradılması önəmli addımdır. Məsələn, liftdə kimsə qalanda həmin xidmətdən istifadə edərək məlumat verəcək və əməkdaşımız ona yardım edəcək. Həmçinin çağrı mərkəzi yaratmağı da düşünürük. Dispetçer xidməti artıq test formasında bir aydır ki, yaradılıb. Orada 24 saat əməkdaşlar oturur və zəngləri qəbul edirlər. Hardasa qəza olduğu zaman əməkdaşımız yaxınlaşır, liftdə qalanı çıxarır və lifti söndürüb gedir. Dispetçer xidmətinin işi vətəndaşın vəziyyəti ilə maraqlanmaqdır. Səhər isə əraziyə mexanik göndərilir, FHN əməkdaşları yaxınlaşaraq liftdə yaranan nasazlığın səbəbi barədə akt hazırlayır. Bu xidmət artıq qəzaların sayını azaldır.

- Bu vəzifəyə təyin edildiyiniz müddətdə liftlərlə bağlı hansısa dəyişiklik, yenilik olubmu?

- Bir ay ərzində köhnədən çalışmayan, qapısına, mühərrikinə və s. görə işləməyən 106 lift dəyişmişik. Son məlumatımıza görə, 19 mühərriki yanmış lift vardı ki, hazırda onlar təmir edilir. İstəyirik ki, ilin sonuna qədər fəaliyyətsiz lift qalmasın. Düzdür, qəzalar olur, amma çalışırıq ki, problemi dərhal aradan qaldıraq.

- Əhali iddia edir ki, müasir tipli liftlər tez sıradan çıxır, təmirə ehtiyac olduğu zaman da usta tapmaq problemə çevrilir. Yəni yeni liftlərin "dilini bilən" mütəxəssislər azdır...

- Biz çalışırıq ki, bugünkü texnologiya ilə ayaqlaşa bilək. Bu səbəbdən də gənc kadrları da işə dəvət edirik. Əlaqələrin yaradılması, elektron sistemlərdən istifadə və s. kimi məsələlərdə gənc kadrlardan məsləhətlər alırıq. Əvvəllər texnologiya mexanika üzərində qurulmuşdu, indi isə hər şey elektronlaşdırılıb. Biz də çalışırıq ki, müasirliklə ayaqlaşaq. Yeni texnologiyaların özəlliyi çoxdur, təhlükəsizlik, xidmət baxımından daha üstündür. Ancaq bu istiqamətdə kadrlar hazırlanmır. Ona görə Təhsil Nazirliyinə müraciət etməyi düşünürük ki, texniki peşə məktəblərində kadrlar varsa, bizə yönləndirsinlər. Və yaxud əməkdaşlarımız kurs keçib işə başlasınlar.

Bakıda liftin qırılıb şaxtaya düşməsi ilə bağlı cinayət işi başlandı

- Xalid müəllim, lift xidmətinin qiymətinin artırılacağı deyilir. Tariflərin artırılacağı doğrudur?

- Hazırda xidmət haqqı 20 qəpikdir. Bu qiymət 2002-ci ildə Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Ancaq təsərrüfat xidməti bizə 1.80-2 manata başa gəlir. Yaxşı xidmət göstərmək üçün vəsait lazımdır. Amma bu gün qiymətlərin qaldırılması məsələsi aktual deyil. Nə zaman Nazirlər Kabineti bu barədə qərar verəcək, o zaman dəyişiklik olacaq. Yəni bu, tək bizdən asılı deyil. Kommunal xidmətlər – zibil pulu, binalara xidmət və s. haqları artan zaman bundan söhbət gedə bilər. Hazırda 20 qəpiyi belə, verməkdən imtina edənlər az deyil. Bəlkə yeni liftlər alınandan sonra insanlar özləri də xidmət haqqını verməyə çalışarlar. Ancaq, belə vəziyyətdə xidmət haqqını qaldıra bilmərik.

- Etiraf edək ki, əksər vətəndaşlar liftlərlərlə normal davranmır. Divarları, qapıları yandırılır, cızılır, hətta bəziləri liftdən ayaqyolu kimi də istifadə edir. Bu kimi problemlərin aradan qaldırılması üçün kamera sistemi nəzərdə tutulub?

- Bizim buna səlahiyyətimiz çatmır. Bu, insanların hüququnu tapdamaq kimi qiymətləndirilir. Hesab edirəm ki, bu sahədə ictimai qınaq olmalıdır. Əgər mən, ailəm liftdən istifadə edirsə, ora mən nəzarət etməliyəm və xoşagəlməz hallarla qarşılaşanda etirazımı bildirməliyəm. Liftdən istifadə edən hər kəs buna nəzarət etməli, bu barədə danışmalı, təmizliyə diqqət tələb etməlidir.