RUSİYA

Paşinyan Ermənistan-Rusiya əlaqələrini dağıdır – Sarqsyanın müavini

"Ermənistan rəhbərliyinin özünü bu formada aparması qəbuledilməzdir"
Sputnik

BAKI, 6 dekabr — Sputnik. Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan davamlı şəkildə Rusiya ilə əlaqələri pisləşdirir. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın rəhbəri olduğu Ermənistan Respublika partiyasının sədr müavini Armen Aşotyan bildirib.

Siyasətçi hesab edir ki, Paşinyanın iki "Axilles dabanı" var – xarici siyasət və Qarabağ məsələsi

O, qeyd edib ki, Ermənistan Respublika Partiyası Ermənistan – Rusiya əlaqələrinin inkişafına dair konkret nəticələr əldə edib. Buna nümunə olaraq o, Ermənistanın Avrasiya İqtisadi İttifaqına qəbul olmasını, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqında rəhbər postlar tutmasını, Respublikaya yönələn Rusiya investisiyalarının həcminin artmasını göstərib.

Aşotyan qeyd edib ki, Ermənistan rəhbərliyinin özünü bu formada aparması qəbuledilməzdir və ölkələr arasında strateji münasibətlərə mənfi təsir göstərir.

Qarabağ danışıqlarına gəldikdə isə Aşotyan qeyd edib ki, Paşinyan və onun komandası vəziyyəti anlamır. O, əmindir ki, Ermənistanın yeni hakimiyyəti yalnız danışıqlar prosesinə mane olur. Çünki, Vyana, Sankt-Pterburq və Cenevrədə əldə olunan razılaşmalar unudulub.