QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azay Quliyevdən irad: "Münaqişənin adını doğru ifadə edin"

ATƏT PA-nın prezidenti Nazirlər Şurasının iclasında çıxışı zamanı Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi terminindən istifadə edib
Sputnik

BAKI, 6 dekabr — Sputnik. "Dekabrın 5-də Milanda ATƏT Parlament Assambleyasının Büro iclası keçirilib. Milli Məclisin deputatı, ATƏT PA-nın vitse–prezidenti Azay Quliyev ATƏT PA-nın Prosedur qaydaları və iş praktikası üzrə alt Komitənin sədri, ATƏT PA-nın vitse-prezidenti lord Piter Bounesə məruzəsində ATƏT ərazisində uzanan münaqişələrin həllinin vacibliyi məsələsinə toxunduğuna görə təşəkkür edib. Lakin Azərbaycanın ərazisində mövcud olan münaqişənin məruzədə "Dağlıq Qarabağ münaqişəsi" adlandırılmasına etirazını bildirib".

Bu barədə Sputnik Azərbaycan-a QHT-lərə Dövlət Dəstəyi Şurasından məlumat verilib.

ATƏT-in PA sədri: “Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapmalıdır”

Məlumata görə, Azay Quliyev münaqişənin adının "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi" kimi qeyd eidlməsini xahiş edib.

"Fikrimcə Ermənistan və Azərbaycan arasında münaqişənin adında əhəmiyyətli bir düzəliş etmək kifayət qədər zəruridir. İki ölkə arasında davam edən münaqişəyə nə siyasi, nə hüquqi, nə də coğrafi baxımdan Dağlıq Qarabağ münaqişəsi demək düzgün və anlaşılan deyil. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir və Ermənistan bu ərazini və Dağlıq Qarabağa heç bir aidiyyəti olmayan digər 7 ətraf rayonla birlikdə 25 ildir işğal altında saxlayır. Münaqişənin mahiyyətinə görə onu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi adlandırmaq daha doğrudur. Məhz elə bu səbəbdən münaqişənin sülh yolu ilə həlli üçün Ermənistan və Azərbaycan liderləri arasında uzun illərdir danışıqlar aparılır. Ona görə xahiş edərdim ki, bu səhv aradan qaldırılsın və ATƏT PA-nın bundan sonrakı sənədlərində münaqişə "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi" kimi qeyd edilsin. Bu düzəliş bir çox sui-istifadələrin və siyasi manipulyasiyaların qarşısını almaq üçün də çox önəmlidir"- deyə o bildirib.

ATƏT PA-nın prezidenti Corc Sereteli, ATƏT PA-nın vitse-prezidenti Lord Piter Bouness və ATƏT PA-nın Baş Katibi Roberto Montello Azay Quliyevin iradı ilə razılaşdıqlarını və bundan sonrakı sənədlərdə bu düzəlişi nəzərə alacaqlarını bildiriblər. Daha sonra ATƏT PA-nın prezidenti Nazirlər Şurasının iclasında çıxışı zamanı Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi terminindən istifadə edib.