Şahzadə Salmanı ittiham edən qanun layihəsi Senata təqdim edilib

Layihə qəbul edilərsə, ABŞ Senatı Qaşıqçı cinayətində Salmanı məsul tutduğunu rəsmən təsdiqləmiş olacaq
Sputnik

 

BAKI, 6 dekabr — Sputnik. ABŞ-da bir qrup senator Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın jurnalist Camal Qaşıqçı cinayətindən məsul tutulmasını nəzərdə tutan qanun layihəsini Senata təqdim edib.

Sputnik Azərbaycan "Haber7"yə istinadla xəbər verir ki, qanun layihəsində şahzadə Salmanın Qaşıqçı cinayətinin ortağı olduğundan yüksək dərəcədə əmin olunduğu qeyd olunub.

Layihədə həmçinin, ABŞ hökumətinə və beynəlxalq ictimaiyyətə Qaşıqçı cinayəti ilə yanaşı, Yəməndəki humanitar böhrandan, Qətərin mühasirəyə alınmasından və müxaliflərə olan təzyiqlərdən dolayı da şahzadənin məsul tutulması çağırışı edilib.

Layihə qəbul edilərsə, ABŞ Senatı Qaşıqçı cinayətində Salmanı məsul tutduğunu rəsmən təsdiqləmiş olacaq.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Cina Haspel 4 dekabrda qapalı keçirilən iclasda senatorlara Qaşıqçı cinayətinə dair məlumat vermişdi. Brifinqdən sonra mətbuata bəyanatlar verən senatorlar Qaşıqçı cinayəti əmrinin Salmanın verdiyinə dair şübhələrinin qalmadığını dilə gətirmişdilər.