BAKI, 6 dekabr — Sputnik. Mövcud münaqişələr ATƏT məkanında sülh və təhlükəsizliyə mane olur. Sputnik Azərbaycan xəbər verir ki, bunu Milanda ATƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
Məmmədyarov qeyd edib ki, ATƏT Xarici İşlər Nazirləri Şurasının Vyanada keçirilən son iclasından bəri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında heç bir ciddi irəliləyiş əldə olunmayıb: "Azərbaycan torpaqları hələ də işğal altındadır".
O, həmçinin qeyd edib ki, ötən gün Ermənistan xarici işlər naziri vəzifəsinin səlahiyyətlərini icra edən Zohrab Mnatsakanyanla baş tutan görüşdə olduqca intensiv məsləhətləşmələr, fikir mübadiləsi aparılıb: "Mən bu cür görüşlərin olduqca faydalı olduğunu düşünürəm".
Məmmədyarov qeyd edib ki, son illər ərzində ilk dəfə tərəflər görüşün yekunlarına dair bəyanatın mətnini razılaşdıra bilib.